Azərbaycan qadın karateçisi İrina Zaretska (-68 kq) Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
QİA.AZ-ın məlumaına görə, o, həlledici görüşədək Teodosiya Giamoki (Kipr), Alizee Agier (Fransa), Alisa Buçinger (Avstriya) və Ketrin Pedersona (Danimarka) qalib gəlib. Zaretskanın finaldakı rəqibi Vasiliku Pnetsidu (Yunanıstan) olacaq.
Azərbaycanın digər karateçisi Asiman Qurbanlı (+84 kq) isə Avropa çempionatında bürünc medalı uğrunda mübarizə aparacaq.
O, yarımfinalda hakimlərin səhvi üzündən serbiyalı Slobodan Biteviçə məğlub olub. Əvvəlki döyüşlərdə isə A.Qurbanlı Miçel Çorbalanı (Danimarka), eləcə də titullu rəqibləri Mehdi Filalini (Fransa) və Lardi Tayrron-Darneli (Niderland) məğlub edib. Qitə üçüncüsü olmaq üçün Qurbanlını Herolind Nişevçi (Kosova) ilə görüş gözləyir.
Fərdi kata yarışlarında isə Roman Heydərov 3 dövrəni uğurla başa vuraraq bürünc medal görüşünə vəsiqə qazanıb. Onun 3-cü yer uğrunda görüşdəki rəqibi Mattio Busato (İtaliya) olacaq.
Pənah Abdullayev isə (-84 kq) Avropa çempionatının yarımfinalına yüksəlib. Nikola Maloviç (Montenneqro), Meris Muhoviç (Bosniya və Herseqovina), ardınca isə Alvin Karagini (Albaniya) məğlub edən P. Abdullayev final uğrunda görüşdə rəqibini gözləyir.
Günün digər görüşlərində Neda Rezai (fərdi kata) yarışı birinci mərhələdə başa vurub. Fəridə Əliyeva (+68 kq) isə zədə aldığından çempionata qatılmayıb.
Yarışın ilk günündə Rafael Ağayevin (-75 kq) də ilkin nəticələri məlum olacaq.
Medallar uğrunda həlledici görüşlər mayın 22-də keçiriləcək.