Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.
B.Amreyev hazırda Türk Şurasında sədrliyi həyata keçirən Azərbaycanın regionda nüfuzunun getdikcə artması və beynəlxalq aləmdə mövqelərinin güclənməsi ilə bağlı məmnunluğunu ifadə edib.
“Bundan əlavə, Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq qətiyyətli inamı və əzmi sayəsində Azərbaycanın qazandığı tarixi qələbə və 44 günlük Vətən Müharibəsində cəsur Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlq bütün Türk dünyası üçün qürur mənbəyidir”, – o deyib.
“Türkdilli dövlətlər arasındakı əməkdaşlıq və qardaşlıq bağlarına verdiyi böyük töhfələrin və xidmətlərinin davam edəcəyinə əmin olaraq qardaş Azərbaycan xalqına bir daha ürəkdən təbriklərimi çatdırıram, Azərbaycan Respublikasına sülh və firavanlıq dolu parlaq gələcək arzulayıram”, – B.Amreyev bildirib.