Iqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə həyata keçirilən “Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm müəssisələrinin kadr potensialının təkmilləşdirilməsi” proqramı çərçivəsində Qusar rayonunda turizm müəssisələrinin rəhbər və işçi heyəti üçün təlimlərə start verilib.
“QİA.az” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, təlimlərin məqsədi böyük turizm potensialına malik olan Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm obyektlərinin əməkdaşlarının yay turizm mövsümündə hazırlıq səviyyəsinin artırılmasına, turizm sahəsində kadr potensialının inkişafına dəstək olmaqdır.
İki həftə davam edəcək təlimlər pandemiya ilə bağlı qaydalara uyğun olaraq kiçik qruplar şəklində turizm müəssisələrində keçiriləcək. Nəzəri və praktik hissələrdən ibarət olacaq təlimlərdə Xaçmaz KOBİM-in peşəkar ekspertləri müştərilərlə ünsiyyət, qonaqpərvərlik, menyunun təqdimatı, müştəri etirazlarının qarşılanması, müştəri tipləri və onlarla işləmə, daxili turların təşkili, bələdçi sistemi, mehmanxana xidmətinin təşkilində qida satışına nəzarət və s. mövzuları tədris edəcək.
Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar veriləcək.