Azərbaycan XİN rəhbəri Belqradda bir sıra görüşlər keçirib

12 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər nazirinin birinci müavini Farhod Arziyev ilə görüşdü.

XİN-dən QİA.AZ-a verilən məlumata görə, görüş zamanı tərəflər ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi, bu münasibətlərin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu vurğuladı.

Görüşdə, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı.

Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən geniş bərpa və quruculuq işləri haqqında məlumat verib. Tərəflər müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəni irsin bərpası sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Bundan əlavə C.Bayramov İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Görüşdə nazirlər iki ölkə arasında əlaqələrin genişləndirilməsi, o cümlədən iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Turizm sahəsində əlaqələrin genişləndirilməsi potensialı vurğulanıb.

Nazirlər, bölgələrdəki ən son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycan XİN rəhbəri həmçinin Uqanda Respublikası xarici işlər naziri Odonqo Jeje Abubakar ilə də görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan və Uqanda arasında ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Uqandanın Qoşulmama Hərəkatında 2023-cü ilin sonunda sədrliyi həyata keçirəcəyi və bu xüsusda, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edən nazirlər, Uqanda və Azərbaycan arasında siyasi məsləhətləşmələrin aparılmasını qərara alıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər