Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində oktyabrın 13-də bir əsrlik tarixi boyunca mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları yeni, müstəqil Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin, Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə, qurucu babalarımıza və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri açıq elan edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkibində muxtariyyət statusuna beynəlxalq səviyyədə təminat verən Qars müqaviləsinin 100 ili tamam olur. Qars müqaviləsi beynəlxalq tarixi, siyasi və hüquqi sənəd olması baxımından bu gün də Naxçıvan Muxtar Respublikası və naxçıvanlılar üçün böyük əhəmiyyət daşımaqdadır. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncam imzalayıb. Həmin sərəncama əsasən, nəzərdə tutulan Tədbirlər Planında Azərbaycan Respublikası və Naxçıvan üçün bu taleyüklü müqavilənin tarixi əhəmiyyəti geniş şəkildə öz əksini tapmışdır. Əslində, bu sərəncam muxtar respublika rəhbərliyi tərəfindən sözügedən müqavilənin hüquqi siyasi əhəmiyyətinə verilən qiymətdir.
Sərəncamın tarixi əhəmiyyətindən danışan Bəxtiyar Əsgərov əlavə etdi ki, bu Sərəncam həm də Naxçıvanın zəngin dövlətçilik tarixinin, muxtariyyətin baniləri olan görkəmli tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, ümummilli liderimiz Heydər Əliyevin muxtariyyətin qorunmasındakı müstəsna xidmətlərinin öyrənilməsi və təbliği baxımından mühüm və böyük tarixi-siyasi əhəmiyyət kəsb edir. Sərəncamda bildirilir ki, 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edilmiş və həmin ilin sentyabrın 11-dən qüvvəyə minib. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud Ağa Şahtaxtinskinin dönməz, prinsipial mövqeyi, qardaş Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində bu müqavilə Naxçıvanın ərazisini və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit edib. 20 maddə və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən, tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəliblər.
Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyev bununla əlaqədar deyibdir ki, Azərbaycanın o vaxtkı hökuməti çox ciddi mövqe göstərərək həmin Qars müqaviləsində Naxçıvanın statusunu müəyyən edib və Naxçıvana muxtariyyət verilməsi haqqında qərar qəbul edilibdir.Ümummilli lider Heydər Əliyevin Qars müqaviləsinin əhəmiyyətinin qiymətləndirməsinə gəldikdə isə, ulu öndər bunu dəfələrlə qeyd edib, Naxçıvanın ərazi bütövlüyünü və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndiribdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.
Ölkəmizin tarixində Qars müqaviləsinin yeri və tarixi əhəmiyyətindən bəhs edən daimi nümayəndəliyin rəhbəri deyib: “1920-ci ildə Zəngəzurun itirilməsi ilə Naxçıvan diyarının Azərbaycanla quru yol ilə əlaqəsi kəsilmiş, bundan istifadə edən Ermənistan isə Naxçıvanı da tutmağa, Ermənistana birləşdirməyə səy göstərmişdir. Böyük dövlətlərin hər cür yardımından istifadə edən Ermənistan hərbi təcavüzdən belə çəkinməmiş, Naxçıvan ərazisinə hərbi basqınlar etmiş, soyqırımlar törətmiş, şəhər və kəndləri yandırmış, dağıtmışdır. Yerli ziyalıların və əhalinin qəhrəmanlığı, qardaş Türkiyə hökumətinin ədalətli mövqeyi və köməkliyi sayəsində ərazi qorunub saxlanılmışdır. Bu dəfə yeni bir yolla Naxçıvanı Azərbaycanın tərkibindən çıxarmağı hədəfləyən qüvvələrə burada keçirilən səsvermə sillə effekti verən əsl cavab olmuşdur.Belə ki, 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən referendumun burada yaşayan əhalinin 90 faizdən çoxunun səsverməsi ilə Naxçıvan diyarının Azərbaycanın tərkibində qalması ilə bağlı nəticəsi və Türkiyə ilə Rusiya arasında imzalanan məlum Moskva müqaviləsi məsələni ədalətli həll etmişdir. Moskva beynəlxalq müqaviləsinə görə, Naxçıvana Azərbaycanın himayəsində muxtariyyət statusu verilmiş və Azərbaycan heç bir halda onu üçüncü dövlətə verməməlidir. Bundan təqribən 7 ay sonra – 1921-ci il oktyabrın 13-də Qarsda Türkiyə ilə Cənubi Qafqaz respublikaları – Azərbaycan, Gürcüstan və Ermənistan arasında Rusiyanın nümayəndəsinin iştirakı ilə beynəlxalq Qars müqaviləsi imzalandı. 26 sentyabr-13 oktyabr 1921-ci il tarixlərində keçirilmiş Qars konfransında Türkiyənin Cənubi Qafqaz respublikaları ilə ərazilərinin dəqiqləşdirilməsi ilə yanaşı, Naxçıvan vilayətinin statusu məsələsi də müzakirə olundu. Adətən Qars müqaviləsi ilə təsdiq edilmiş Naxçıvanın muxtariyyət statusu Moskva müqaviləsindəki 3 məsələdən bir qədər fərqlidir. Müqavilədə yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi – bunlar bayaq qeyd etdiyimiz kimi,Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdu. Müqavilənin bu maddəsində açıq göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.Naxçıvan bölgəsinin ərazisi isə müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “Naxçıvan ərazisi Urmiya kəndindən başlayıb, oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayrıcını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayrıcını (6607 və ya 6587) keçərək, “Rod” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzasının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və nəhayət keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhəddində qurtarır”.
Həmin müqaviləni imzalayan Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinə razı olub və müqaviləni imzalayıblar. Qars beynəlxalq müqaviləsi ilə Türkiyə və Cənubi Qafqaz respublikaları Moskva müqaviləsini qəbul edib, Rusiya da Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanınıb və beləliklə, sözügedən ölkələr ona beynəlxalq hüquqi təminat veriblər.”
Bəxtiyar Əsgərov bildirib ki, hələ ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyərkən, Naxçıvana qarşı ermənilərin iddialarının daha da artdığı bir vaxtda bir neçə dəfə Türkiyə Cümhuriyyətinə rəsmi və işgüzar səfər etmiş, Türkiyə Cumhuriyyətinin o zamankı Prezidenti Turqut Özalla, və Baş nazir Süleyman Dəmirəllə məhsuldar danışıqlar aparmış, Qars müqaviləsini gündəmə gətirmiş, bu barədə yeni protokollar imzalamışdır. Görüşlər zamanı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyində Qars müqaviləsinin rolu geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmək lazımdır ki,məhz ulu öndərin Naxçıvan Ali Məclisinin Sədri olduğu vaxtda blokada vəziyyətində yaşayan muxtar respublikanın yeganə ümid yeri olan qardaş Türkiyə ilə iqtisadi və mədəni əlaqələrinin artmasına xüsusi diqqət yetirilmiş, 28 may 1992-ci il tarixdə Türkiyə ilə Naxçıvan arasında “Ümid” körpüsü açılmışdır. Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətdə olduğu dönəmdə də qardaş Türkiyə ilə əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət vermiş,bir sıra sənədlər imzalanmışdır. Türkiyə Cumhuriyyəti ilə dostluq və qardaşlıq münasibətlərinin əsl rəmzi sayılan “Bir millət, iki dövlət” məşhur ifadəsinin müəllifi kimi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu fəaliyyət istiqamətləri bu gün də ölkə rəhbəri Prezident cənab İlham Əliyev tərəfindən çox yüksək səviyyədə, uğurla davam və inkişaf etdirilir.”
Qars müqaviləsinin ləğv edilməsinə yönəlmiş yüzillik “mübarizə”nin heç bir nəticə vermədiyini və verməyəcəyini deyən Bəxtiyar Əsgərov bildirib ki, əksinə, 100 il sonra məhz Ali Baş Komandan Prezident cənab İlham Əliyev 15 iyun 2021-ci il tarixi Şuşa Bəyannaməsində Azərbaycanın Qars müqaviləsinə sadiqliyini təsdiq etməklə Qafqazda və dünyada ədalətli lider dövlətin, regionda sülhün və sabitliyin əsas etibarlı qarantının məhz Türkiyə olduğunu bir daha vurğulamış, nümayiş etdirmiş oldu. Tarixi Qars müqaviləsinin hüquqi varisi kimi 100 il sonra imzalanan Şuşa Bəyannaməsi nəinki Azərbaycan-Türkiyə birliyini, qardaşlığını, əməkdaşlığını daha da möhkəmləndirəcək, hətta iki ölkənin birgə müdafiə olunmasını, bir-birini qorumasını və hərtərəfli dəstəkləməsini təmin edəcəkdir.Şuşa Bəyannaməsi 100 il əvvəl – 1921-ci il 13 oktyabrda imzalanmış Qars müqaviləsindən sonra Türkiyənin Azərbaycana qardaşca dəstəyini ən güclü formada nümayiş etdirən yeni rəsmi sənəd kimi tarixə düşdü. Qars müqaviləsinə istinad edilən bu Bəyannamə öz formatına görə ondan daha əhatəli tarixi sənəddir. Bu sənəddə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, iqtisadiyyat, təhsil, müasir texnologiyalar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi, Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, iki ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətinin birlikdə artırılması və digər tədbirlər nəzərdə tutulur. Bəyannamə Ermənistanın Azərbaycan torpaqlarına qarşı irəli sürdüyü iddialara da son qoyur. Sənəddə qeyd edilir ki, tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edilərsə, onun aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçiriləcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstəriləcək. İki qardaş ölkə liderlərinin- Prezident İlham Əliyev və Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 15 iyun tarixində imzaladığı, tarixi Qars müqaviləsinin davamı kimi bilinən Şuşa Bəyannaməsinin Azərbaycanın ərazi bütövlüyünün qarantı olaraq çıxış edəcəyinə, bu tarixi sənədin ölkəmizin regional və beynəlxalq rolunun və çəkisinin daha da artırılmasında mühüm əhəmiyyət daşıyacağına hər iki qardaş ölkə tərəfindən əminlik ifadə olunub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir.Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır.Bu da böyük rəmzi məna daşıyır.””
Bəxtiyar Əsgərov qeyd edib ki, Qars müqaviləsi Naxçıvan Muxtar Respublikasının beynəlxalq hüquqla təsbit olunmuş toxunulmazlığının əsasıdır. Bu müqavilə ilə Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunmuş və beynəlxalq hüquqla qorunmaqdadır. Ermənistan Respublikasının Naxçıvana qarşı iddialarının heç bir hüquqi əsası yoxdur və bu iddialar beynəlxalq hüquq normalarına tamamilə ziddir. Həm Moskva, həm də Qars müqavilələri bundan sonra da öz hüquqi qüvvəsini saxlayacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir.””
“Naxçıvanın muxtar respublika statusu onun tarixi taleyində, ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olub. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini verib. Ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Qələbə və bu qələbənin nəticəsi Naxçıvan Muxtar Respublikasının önəmini bir daha ortaya çıxardı. Azərbaycanın öz tarixi ərazisi olan Naxçıvanla quru yolunun açılması ilə bağlı əldə edilmiş razılaşma bu diyarın yaxın gələcəkdə dünyanın aparıcı logistika mərkəzlərindən birinə çevriləcəyindən xəbər verir. Zəngəzur dəhlizinin açılması faktiki olaraq, Azərbaycanla həm Türkiyə, həm Rusiya, həm də İran arasında iqtisadi əlaqələrin inkişafına ciddi təkan verəcək. Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nöqteyi-nəzərindən Naxçıvanla birbaşa əlaqənin təmin olunması, dəhlizin açılması milli iqtisadiyyatımızda investisiyaların xüsusi çəkisinin artımına səbəb olacaqdır. Bir sözlə, nəqliyyat kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi, tranzit bölgəyə çevrilməsi, bölgənin beynəlxalq siyasətdə və iqtisadiyyatda güc qazanması baxımından Zəngəzur dəhlizinin açılması böyük nailiyyətdir. Naxçıvan Muxtar Respublikası regionda mühüm geopolitik əhəmiyyətə malik olmaqla yanaşı, bu gün həm də region üçün iqtisadi, ticarət, nəqliyyat, turizm kimi mühüm sahələrdə də rol oynamaqdadır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Avropa və Asiyanın iqtisadi inteqrasiyasına xidmət edəcək böyük layihələrin nəqliyyat dəhlizinə və əməkdaşlıq körpüsünə çevrilməsi dünyanın həmişə diqqət mərkəzində olan bu regionun sülh və əmin-amanlıq şəraitində, firəvan yaşaması üçün yeni bir parlaq səhifə açmış olacaq.”-deyə Bəxtiyar Əsgərov sözlərinə əlavə edib.
Sonda daimi nümayəndəliyin rəhbəri Qars müqaviləsinin 100 illiyi münasibətilə bir daha nümayəndəliyin kollektivini təbrik edib və ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi bir fikirlə çıxışını tamamlayıb: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Tədbir digər çıxışlarla davam etdirilib.