Milli Qurtuluş Günündə Naxçıvan şəhərində Heydər Məscid kompleksi istifadəyə verilib.
QİA.az Nuhcixan.az-a istinadla xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, digər rəsmi şəxslər və dindarlar iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxış edərək bildirib ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin dini həmrəylik ideyaları və dövlət-din siyasəti uğurla davam etdirilir. O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra muxtar respublika ərazisində 74 məscid tikilib, 95 məscid yenidən qurulub və ya bərpa olunub.
“Hazırda bir yeni məscidin inşası və 2 imamzadə binasında bərpa işləri davam etdirilir. Ümumilikdə, muxtar respublika ərazisində 214 məscid fəaliyyət göstərir. Bu gün Naxçıvanda ölkəmizin ən böyük məscid binasının istifadəyə verilməsi muxtar respublika həyatında çox əlamətdar və tarixi gün kimi dindarların sevincinə səbəb olub”,-deyə Vüqar Babayev qeyd edib.
Sonra “Quran-i Kərim”dən ayələr oxunub.
Fuad Nəcəfli çıxış edərək bildirib ki, məscidin “Heydər Əliyev İli” çərçivəsində istifadəyə verilməsi böyük rəmzi məna daşıyır. Səlahiyyətli nümayəndə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman islami dəyərlərə hörmət və ehtiramla yanaşıb: “Sovet imperiyasının buxovlarına baxmayaraq, Umummilli lider Heydər Əliyev məscidləri, dini ziyarətgahlarımızı qoruyub, ziyarət edib, dini-mənəvi dəyərlərimizi yaşadıb və sonrakı dövrlərdə inkişafına xüsusi diqqət göstərib”.
Fuad Nəcəfli yeni məscid kompleksini ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın dini-mənəvi dəyərlərinə verdiyi qiymətin daha bir ifadəsi kimi dəyərləndirib, açılış münasibətilə dindarları təbrik edib.
Səlahiyyətli nümayəndə məscidə müqəddəs kitabımız “Quran-i Kərim” hədiyyə edib.
Qeyd olunub ki, “Naxçıvanqala” tarixi abidəsinin yaxınlığında, Şərq memarlıq məktəbi üslubunda ucaldılan yeni məscid kompleksinin ümumi ərazisi 82 min 250 kvadratmetrdir. Məscidin minarələrinin hündürlüyü 38, günbəzlərinin hündürlüyü isə 14 metrdən artıqdır. Binanın daxilində müqəddəs “Quran-i Kərim”dən ayələr həkk olunub. Burada eyni vaxtda 5 min nəfər ibadət edə biləcək. Ərazidə kişilər və qadınlar üçün ayrıca ibadət və dəstəmaz otaqları və mərasim evləri istifadəyə verilib. Kompleksin ərazisində Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün inzibati binalar da tikilib.
Açılış günü məsciddə ilk namaz qılınıb, ehsan süfrələri açılıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub.