Ona ünvanlanan “əsas diplomdur, ixtisasın fərqi yoxdur”, “eybi yox, iş taparsan”, “oxuyub robot düzəldəcəksən?”, “qadın üçün əsas yemək bişirməyi bacarmaqdır” kimi sözlərə inad bu gün Almaniyada, Yaponiyada robotlarla bağlı tədqiqatlar aparır. O, əzmi, özünə inamı ilə yaşıdlarından fərqlənir, üçüncü sinifdən bədii ədəbiyyat oxuyur. Düşünür ki, əgər xəyallarınıza mane olan insanlarla mübarizə apara bilmirsinizsə, onlardan uzaqlaşmaq lazımdır.
Almaniyada Siegen Universitetində və Yaponiyada Tohoku Universiteti (Sendai) və AIST mərkəzində (Tokio) insanoid robotlar üzərində tədqiqatçı işləyən həmyerlimiz Sonabəyim Hüseynzadə “Kaspi” qəzetinə müsahibə verib.
O, Bakıda anadan olub. Elə məktəb vaxtından verdiyi suallarla, maraqlandığı sahələrlə, çox oxumağı ilə fərqlənib. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexatronika və Robototexnika ixtisasına qəbul olub. Hazırda Almaniyanın Dortmund Texniki Universitetində robototexnika və avtomatika üzrə təhsilini davam etdirir, Siegen Universitetində robototexnika üzrə tədqiqatçı işləyir. Həmçinin, universitetdə professor köməkçisi kimi fəaliyyət göstərir, professorla birlikdə dərs keçir. S.Hüseynzadə bununla yanaşı, İEEE Azərbaycanın “Xanımlar mühəndislikdə” proqramının direktorudur.
– Sonabəyim xanım, beşinci sinifdə bir kitabxanaya məxsus bütün kitabları oxumusunuz. Bu yaşda kitab sevgisi necə yarandı?
– Bəli, təhsil aldığım məktəbin yaxınlığında yerləşən Nazim Hikmət adına kitabxanada bütün kitabları oxumuşdum. Hətta o vaxt Mədəniyyət və Turizm Nazirliyi məni tədbirə dəvət edib, təltif etmişdi. Kitaba olan marağımı isə mənə anam aşılayıb. Uşaq vaxtı çox suallar verirdim. Suallarıma cavab tapmaqda çətinlik çəkir, hətta öz yaşıdlarımla da söhbət edə bilmirdim. Çünki onların maraqları tam fərqli idi. Anam bir gün mənə dedi ki, çox sual verirsən, bəlkə suallarına cavabları kitablarda axtarasan? Kitablarla tanış oldum və çox maraqlı gəldi. Uşaq vaxtı nəyi görürdümsə, oxumaq istəyirdim. Bu, məndə tələbata çevrilmişdi. Bədii əsərlərə yanaşı, hər fənnin əlavə vəsaitlərini də alırdım. O qədər suallarım var idi ki, oxumaq bəs etmirdi.
– Maraqlıdır, kitablarda suallarınıza cavab tapırdınızmı?
– Bəli, tapırdım. Hər kitab mənə insanları, həyatı öyrədirdi. Suallarımı böyüklərdən soruşanda, mənə uşaqsan deyib yola verirdilər. Hətta narahat olurdular ki, sənə bu haqda kim danışıb? Fərqli reaksiyalar alırdım. Kiminsə fikirlərimi mühakimə etməsindən çəkinirdim. Kitab oxuduqca anladım ki, biz çox zaman özümüzdən qaçırıq. İnsanlar var ki, həyatı sorğulayır, insan da var ki, bu barədə düşünmür. Mən həyatı daim sorğulayır, cavablarımı böyüklərdən yox, kitablardan alırdım.