BDU-da antimikrob təbiətli birləşmələrə dair tədqiqatlar aparılır-FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (TİİMM) elmi seminarı keçirilib.

Bu barədə QİA.az-a BDU-dan məlumat verilib.

Mərkəzin cari və gələcək fəaliyyəti haqqında qısa məlumat verildikdən sonra Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Aygün İsrayılova dinləyicilərə “Patogen bakteriyalarla mübarizədə yeni antimikrob təbiətli birləşmələrin axtarışı” mövzusunda icmal məruzə təqdim edib.

A.İsrayılova antibiotikə davamlı müxtəlif bakteriyalarla mübarizədə istifadə olunan yeni sintetik birləşmələr barəsində məlumat verib. O, “Fulbrayt Səfər Təqaüd Proqramı” çərçivəsində ABŞ-ın Emori Universitetinin İnsan Saglamlığının Öyrənilməsi Mərkəzində yerinə yetirdiyi elmi-tədqiqat işi barədə məruzə edib. Tədqiqat zamanı BDU əməkdaşı müxtəlif bitki ekstraktlarının patogen bakteriya olan “Burkholderia” cinsinin müxtəlif ştamlarına qarşı aktivliyini, həmçinin bitki ekstraktlarından aktiv molekulların ayrılması, müxtəlif təbii və sintetik birləşmələrin sitotoksik və virulentlik aktivliyini öyrənib. Eyni zamanda, müxtəlif növ hüceyrə xətləri (Hek293, HaCaT, HuH7.0 və s.) ilə işləmə prinsiplərini, onların yetişdirilməsi və aktiv molekulların onlara təsir üsullarını ətraflı tədqiq edib.

Sonda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, TİİMM-də belə seminarların silsilə keçirilməsi və gələcəkdə həm universitetdən, həm də kənar mütəxəssislərin dəvət olunması nəzərdə tutulur.

Oxşar Xəbərlər