Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Otuz ildən çox həsrət qaldıq bu torpaqlara, ötən bu illərdə Laçının təbii sərvətlərindən də uzaq düşmüşdük. Artıq Laçınımız azaddır. Onun dağlarında, meşələrində bitən müalicəvi tərkibli min bir dərdə dərman olan bitkiləri mövsüm boyunca toplayıb tədarük edirik.

QİA.az xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Laçın sakini Osman Həsənov söyləyib.

Dəniz səviyyəsindən 1100 metrdən çox yüksəklikdə yerləşən Azərbaycanın dilbər guşəsi olan Laçın təbiəti, havası, suyu və münbit torpağı ilə tanınır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpağa malik olan bu yerlər zəngin bitki örtüyü ilə seçilir. Xüsusən də Laçının təbiətində müalicəvi əhəmiyyəti ilə fərqlənən bir çox bitki var.Osman dayı 1948-ci ildə Laçının Mişni kəndində dünyaya göz açıb, uşaqlıqdan Laçının dağı, dərəsini gəzərək, orada bitən bitkilərin sirlərini mənimsəyib. Torpaqlarımız azad edildikdən sonra bu bitkiləri mövsüm boyu toplayaraq, təyinatı üzrə istifadə olunması üçün əlindən gələni əsirgəmir. Bildirir ki, Laçında yetişən bitkilər tərkibinə görə çox fərqlənir. Bu bitkilərə kəklikotu, ətotu, qantəpər, çobanyastığı, zəncirotu, solmazçiçəyi, dazıotu, çaşır, qarayarpız, qurdotu və saymaqla bitməyən digərləri aiddir.

Həmsöhbətimiz bu işlə iki il əvvəl fərdi qaydada məşğul olmağa başlayıb. Sonra “Bakı Abadlıq Xidməti”nin xətti ilə ona dəstək üçün bu işə 5 nəfər də cəlb olunub: “Mövsüm yeni başlayıb, xeyli zəncirotu yığmışıq. Sonra baldırqan, yarpız, kəklikotu və digər bitkilər yığacağıq. Ötən il bu bitkiləri yığıb qablaşdırdıq və satdıq. Əvvəl sellofan torbalarda satırdıq, indi isə qablaşdırımış formada təklif edirik. İstərdim ki, gələcəkdə bu işi daha da genişləndirim, yeni işçilər cəlb olunsun”.Osman dayı deyir ki, Laçının dağları, dərələri bulaqlarla zəngindir. Lakin işğal dönəmində istifadəsiz qalan su mənbələrimizin çoxu itib-batıb. “Biz yaşlı nəsil həmin bulaqların suyu ilə böyümüşük. Laçınımız azad olunandan sonra bir neçə bulağın yerin tapdıq, gözü tutulanları yenidən bərpa etdik. Çalışırıq bu işlərə cavanları cəlb edək ki, sərvətlərimizi tanısınlar”.

Oxşar Xəbərlər