Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri “Azerbaijan Fish Farm” MMC, “Biyan products” MMC, “Azərfarm” LTD və Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Əczaçılığın idarə edilməsi laboratoriyasında istehsalat təcrübəsində olublar.
Bu barədə QİA.az-a BDU-dan məlumat verilib.
“Azerbaijan Fish Farm” MMC-də tələbələrə ixtisaslaşmış damazlıq təsərrüfatının fəaliyyəti, zavodda quraşdırılmış müasir standartlara cavab verən qurğuların iş prinsipi izah edilib, tələbələr nərə növləri ilə tanış olublar.
“Biyan products” MMC-də təcrübə zamanı tələbələrə bildirilib ki, müəssisənin yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə Biyan tədarükü və emalı zavodu, Bitki ekstraktı və siropu zavodu, digər yardımçı binalar daxildir.
Tələbələr zavodun iş prinsipi, dərmanların alınma texnologiyası ilə tanış olublar.
Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Əczaçılığın idarə edilməsi laboratoriyasında təcrübə zamanı professor-müəllim və laborant heyəti müxtəlif növ dərman preparatlarının formasının, tərkibinin hazırlanması, müasir texnologiyalı cihaz və qurğuların istifadə qaydası barədə tələbələrə məlumat verib.
“Azərfarm” LTD şirkəti yerli istehsalla məşğul olur və əsasən digər ölkələrdən idxal olunmuş yarımfabrikat məhsulların ikinci istehsalını sona çatdırır. Burada təcrübə müddətində tələbələr şirkətdə müxtəlif farmakoloji qruplardan olan tablet, kapsul, məlhəm, inyeksiya, məhlul və şərbət formalı 70-ə yaxın dərman preparatının istehsal prosesi ilə tanış olublar.