Orta Dəhlizin inkişafının maliyyələşdirilməsində beynəlxalq maliyyə institutlarına üstünlük verilir – Samir Şərifov

Orta Dəhlizin inkişafının maliyyələşdirilməsində beynəlxalq maliyyə institutlarına üstünlük verilir.

QİA.az Trendə istinadla xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının (AİB) illik toplantısının kuluarlarında jurnalistlərə deyib.

“Orta Dəhlizin inkişafına özəl sektorun cəlb edilməsi bir çox baxımdan görülməsi nəzərdə tutulan işlərin həcmindən asılıdır. Bugünkü mərhələdə biz daha çox infrastruktur layihələrindən bəhs edirik. Bu, dəmir yolu və avtomobil kommunikasiyalarının inşasıdır. Yəni bu, kifayət qədər ciddi fiziki infrastruktur olacaq”, – o deyib.

Nazir özəl sektorun bu cür layihələri maliyyələşdirdiyini, lakin kifayət qədər böyük vəsait tələb etdiyini bildirib.

“Bu vəsaitin geri ödəmə müddəti kifayət qədər uzun olmalıdır. Bu səbəbdən bu şərtlərdə özəl maliyyələşdirmə bir qədər baha olur. Ona görə də digər maliyyə mənbələrinin, əsasən, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı kimi beynəlxalq maliyyə institutlarının maliyyələşdirməsinə üstünlük verilir. Bir sıra ərəb ölkələrində də müvafiq inkişaf fondları mövcuddur. Bu maliyyə institutlarına daha uzun müddətə və daha aşağı faizlə vəsait cəlb etmək olar. Bu isə kiçik layihələr üçün əhəmiyyət kəsb edir, çünki nəticədə kreditləri geri ödəmək lazımdır”, – deyə nazir bildirib.

S.Şərifovun sözlərinə görə, kredit cəlb etmək o qədər də çətin deyil.

“Lakin geri ödəmək üçün məqsədyönlü və uzunmüddətli strategiya olmalıdır”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Oxşar Xəbərlər