BMT mayın 8-9-da II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir.
QİA.az təşkilatın saytına istinadla xəbər verir ki, 22 noyabr 2004-cü il tarixli 59/26 saylı qətnamə ilə BMT Baş Assambleyası 8-9 may tarixlərini anma və barışıq vaxtı elan edib və üzv dövlətlərin fərdi qələbə, qurtuluş və anma günləri ola biləcəyini qəbul edərək, onları ortaq anım tədbirləri keçirməyə dəvət edib. Məqsəd BMT-nin, qeyri-hökumət təşkilatlarının və fərdlərin hər il bu günlərdən birini və ya hər ikisini uyğun bir şəkildə qeyd etməsi və İkinci Dünya müharibəsində həlak olanların hamısına ehtiramlarını bildirməsidir.
Baş Assambleya vurğulayıb ki, bu tarixi hadisə gələcək nəsilləri müharibə bəlasından xilas etmək üçün BMT-nin yaradılması ilə nəticələnib, həmçinin üzv dövlətləri yeni çağırışlar və təhdidlərlə mübarizədə səylərini birləşdirməyə çağırıb. BMT-nin sülh quruculuğunda mərkəzi rol oynaması, bütün mübahisələrin təşkilatın Nizamnaməsinə uyğun olaraq və beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətməyən şəkildə dinc yolla həll edilməsi vacibdir.
BMT bu anım günlərində 2010-cu ildə və 2015-ci ildə anım tədbirləri keçirib. Sonuncu mərasim zamanı təşkilatın Baş katibi Antonio Quterreş qeyd edib ki, İkinci Dünya müharibəsi tarixdə azadlıq və müstəqillik uğrunda ən epik mübarizələrdən biridir. O əlavə edib ki, onun dəyəri hesablana və anlaşıla bilməz; 40 milyon dinc sakin, təkcə Sovet İttifaqından 10 milyon əsgər, ümumilikdə isə 20 milyondan artıq hərbçi həlak olub.
Baş Assambleya 69/267 saylı qətnamədə xatırladıb ki, İkinci Dünya müharibəsi bəşəriyyətə, xüsusən də Avropa, Asiya, Afrika, Sakit okean hövzəsi və dünyanın digər yerlərində insanlara sonsuz kədər gətirib. BMT bu müharibənin bitməsindən sonra onun fəsadlarının aradan qaldırılması və sülhün, beynəlxalq və regional əməkdaşlığın, demokratik dəyərlərin, insan hüquqlarının və əsas azadlıqların təşviq edilməsində, regional və subregional dövlətlərin yaradılmasında əldə edilmiş tərəqqini vurğulayıb.