2023-cü ilin nəticələrinə görə Azərbaycanda şərab ixracı 6,97 milyon ABŞ dolları təşkil edib və ya əvvəlki illə müqayisədə dəyər ifadəsində 25,3 faiz çoxdur. Bununla yanaşı, 2017-ci illə müqayisədə dəyər ifadəsində 16,2 faiz artım müşahidə olunur.
QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli Sərəncamı ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” təsdiqlənib.
Yuxarıda göstərilən nəticələr məhz bu Dövlət Proqramın reallaşmasından irəli gəlir.
Proqramın əsas məqsədləri ölkədə şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsidir.
İxraca gəldikdə, proqramda şərab ixracının 2025-ci ilədək beş dəfə artırılmasına nail olmaq hədəf kimi qarşıya qoyulub.
İnvestisiya və infrastruktur təminatı
Ölkədə şərabçılığın inkişafı, istehsalın artımı, məhsulun keyfiyyətinin yüksəldilməsi, üzüm əkini sahələrinin genişləndirilməsi üçün investisiya yatırımlarının rolu böyükdür.
Ötən il “Şəki Şərab” MMC-dəki dövlət payının özəlləşdirilməsi ilə əlaqədar keçirilmiş investisiya müsabiqəsinin qalibi tərəfindən investisiya proqramının icrası başa çatdırılıb və alınmış dövlət payı üzərində mülkiyyət hüququ alıcıya keçib.
İnvestor tərəfindən müəssisəyə 5,8 milyon manat məbləğində investisiya yatırılıb, bu da nəzərdə tutulan investisiyanın 128,7%-ni təşkil edir. Müəssisədə tikililər və istehsal sahələri müasir standartlara uyğun təmir edilib, yeni şərabsüzmə xətti və konyak spirtinin istehsalı avadanlığı quraşdırılıb, tutumların yuyulması stansiyası qurulub. Müəssisə üçün plastinli filtr, etiketləmə maşını, 15 ədəd paslanmayan çən, nəqliyyat vasitələri alınıb, əlavə anbar sahəsi yaradılıb.
Eyni zamanda, 400 hektardan artıq ərazidə üzüm bağlarının salınması üçün torpaq sahələri icarəyə götürülüb, köpüklü şərab istehsalı təşkil edilib. Müəssisədə 20-dən artıq iş yeri yaradılıb, yeni adda yerli şərab məhsullarının istehsalına başlanılıb.
Dövlət dəstəyi
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2023-cü il ərzində üzümçülüyün inkişafı ilə bağlı 12 investisiya layihəsinin maliyyələşdirilməsinə 361,5 min manat güzəştli kredit verilib. Həmçinin istehsalın müasir texnoloji tələblərə uyğunlaşdırılması məqsədilə üç şərab istehsalı müəssisəsinə ötən il 1468,6 min ABŞ dolları dəyərində avadanlıqların idxalı üçün 22 təsdiqedici sənəd verilib. Hazırda müəssisələr tərəfindən avadanlıqların gətirilməsi istiqamətində işlər davam etdirilir.
Bundan əlavə, 2023-cü il ərzində 2600-dək fermerə becərdikləri 8,23 min hektar üzüm bağına görə 2 761,3 min manat məbləğində dövlət büdcəsinin vəsaiti hesabına əkin subsidiyası ödənilib.
İxraca dəstək
Şərab ixracının dəstəklənməsi və təşviqi istiqamətində də ötən il bir sıra tədbirlər həyata keçirilib, beynəlxalq sərgilərdə şərab istehsalçıları və ixracatçılarının iştirakı təmin olunub. Ötən il Almaniyanın Köln şəhərində Anuga Beynəlxalq Qida və İçki, Moskva şəhərində “Vinspiration” Şərab, “World Food Moscow 2023” sərgilərində, Çinin Yantai şəhərində keçirilmiş 13-cü Yantai Beynəlxalq Şərab Sərgisi və Şanxay şəhərində keçirilmiş 6-cı Çin beynəlxalq idxal sərgisində Azərbaycan şirkətlərində istehsal edilən şərablar “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.
İxracın şaxələndirilməsi
Şərab məhsullarının ixracının diversifikasiyası məqsədilə yerli şərabların Braziliyaya ixracının dəstəklənməsi və təşviqi istiqamətində Braziliyanın “Winelands Comercial Importadora” şirkəti ilə danışıqlar davam etdirilib yeddiyerli şirkət tərəfindən istehsal edilən 65 növ məhsul mal partiyalarının nümunələri ötən il Braziliyaya göndərilib.
Dövlət Proqramın icrası nəyə xidmət edəcək?
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla icrası ölkədə şərabçılıq ənənələrinin bərpa olunmasına, şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradacaqdır.
Bundan əlavə, şərabçılıq müəssisələrinin istehsal potensialından istifadə etməklə şərab ixracının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, üzümçülük və şərabçılıqla bağlı digər sahələrin, xüsusi ilə çəllək, şüşə taraların istehsalının inkişafına təkan verəcək.