Dünyanın müxtəlif ölkələrində yuxarı tənəffüs yolları, ağciyər xəstəlikləri və allergiyalardan əziyyət çəkənlərin sayı hər il daha da artmaqdadır. COVID-19 pandemiyası dövründə ağciyər xətəliklərinə qarşı effektiv müalicə metodlarının tətbiqi daha da aktuallaşır. Çünki artıq elmə məlumdur ki, koronavirus daha çox yanaşı, həmçinin ağciyər xəstəlikləri olanlarda sürətlə inkişaf edir, fəsadlar törədir. Ona görə də bu gün gigiyenik qaydalara ciddi şəkildə riayət etməklə bərabər sağlamlığımıza da diqqəti artırmaq hər birimiz üçün vacib məsələdir.
Ağciyər xəstəliklərinin müalicəsi üçün ən gözəl məkan isə Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzidir. Xatırladaq ki, 1927-ci ildən sənaye üsulu ilə çıxarılan Naxçıvan duzunun təbabətdə istifadəsi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, ötən əsrin 70-ci illərindən etibarən duz mədəni bazasında xəstəxana yaradılmasına başlanılıb, 1979-cu ildən Naxçıvan Fizioterapiya Xəstəxanasının fəaliyyətə başlaması ilə Duzdağ duzundan ağciyər-bronx sistemi xəstəliklərinin müalicəsində istifadə olunub. Bu gün yüzlərlə insanın üz tutduğu mərkəz ötən müddətdə dövlətimizin qayğısı sayəsində öz fəaliyyət imkanlarını xeyli genişləndirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı ilə bir neçə dəfə təmir-bərpa olunan şəfa ocağı müalicə turizminin inkişafına böyük stimul verib.
Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən Duzdağ Fizioterapiya Mərkəzinin yeraltı şöbəsi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdədir. Burada bütün fəsillərdə havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Mərkəzdə bronxial astma, xroniki bronxit, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit və allergik rinit xəstəlikləri müalicə olunur.
Duzdağ Fizioterapiya Mərkəzinin tibbi əhəmiyyətini və sağlamlıq turizminin inkişafındakı rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, təsdiq edilən Tədbirlər Planına uyğun olaraq tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikasında aparılan böyük abadlıq və quruculuq işləri bu nadir səhiyyə ocağını da əhatə edib, ötən il noyabrın 20-də Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib. Yaradılan şəraitin nəticəsidir ki, son illər müəssisəyə müraciət edənlərin sayı artıb.
“QİA.az”-ın Naxçıvan bürosu mərkəzdən hazırlanan fotoreportajı təqdim edir:
QARABAĞ İNFORMASİYA AGENTLİYİ