Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və BDU-nun 105 illik yubileyinə həsr olunmuş fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya fənləri üzrə respublika olimpiadasinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Universitetdən QİA.az-a bildirilib ki, mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb, olimpiada hərəkatının ildən-ilə genişləndiyini qeyd edib. Elçin Babayev olimpiadada iştirak etməyin tələbələr üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bunun onların sonrakı həyatına uğurlu təsir göstərdiyini deyib. Olimpiadada iştirak tələbələrdən fərqli yanaşma tələb edir, onlara əzmkarlıq, öz üzərilərində çalışmaq kimi vərdişləri aşılayır. Olimpiadada BDU ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Lənkəran Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən ümumilikdə 400-dən çox tələbə iştirak edib. Olimpiadanın məqsədi Azərbaycanda fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya elmləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkarlamaq və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etməkdir.
Olimpiadanın Təşkilat Komitəsinin sədrləri – BDU-nun uyğun fakültələrinin dekanları Ziyatxan Əliyev, Fuad Kərimli, Bəxtiyar Paşayev, Afət Məmmədova və Məqsəd Qocamanov çıxışlarında belə olimpiadaların keçirilməsinin önəmindən danışıb, qaliblərə uğurlar arzulayıblar.
Daha sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov respublika olimpiadasinin qaliblərini elan edib. Müsabiqənin nəticələrinə əsasən, 60 tələbə Olimpiadanın qalibi olub. Onlardan 5-i I, 10-u II, 15-i III yerləri tutub, 30 tələbə həvəsləndirici yerlərə layiq görülüb. Olimpiada qaliblərinə diplom və hədiyyələr təqdim olunub.