Allahşükür Paşazadə KAİCİİD-in vebinar iclasında iştirak edib

Yan13,2021

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin vebinar iclasında iştirak edib.

QMİ-nin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, KAİCİİD Təşkilatının Baş Katibi Feysal bin Müəmmarın giriş sözü ilə açılan vebinar yeni ilin ilk iclası olaraq ötən ilin yekunlarına və qarşıda duran fəaliyyətlərlə bağlı fikir mübadiləsinə həsr olunub.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə vebinarda çıxış edib.

Şeyxülislam A.Paşazadə 2020-ci ilin dünya birliyi, bəşəriyyət üçün ciddi sınaqlar ili olduğunu, hələ də qalmaqda olan pandemiyanın, özünün məcburi məhdudiyyət tədbirləri ilə bilavasitə ünsiyyət və təmaslarımızın qarşısını aldığını, ictimai-mədəni tədbirlərin, o cümlədən, kütləvi dini mərasim və ayinlərin təxirə salındığını qeyd edib. Lakin Uca Yaradanın Lütfü ilə iman və inamla həyata keçirdiyimiz fəaliyyətlərimizi davam etdirərək müasir ünsiyyət imkanları vasitəsilə dialoq qurmaqla zəmanənin çağırışlarına uyğun cavab vermək, bizi birləşdirən dəyərlər ətrafında cəm olaraq ümumbəşər səciyyəli problemləri birgə müzakirə imkanlarının səngimədiyini diqqətə çatdırıb.

Şeyxülislam A.Paşazadə 2021-ci ilin bütün dünyada, yaşadığımız bölgələrdə əmin-amanlıq, sabitlik və rifah ili olması üçün dualar edib. Ədalətli Vətən müharibəsinini qalibiyyətlə başa vurmuş, müharibənin acı reallıqlarını, itki və dağıntılarının şahidi olan ölkənin nümayəndəsi kimi, QMİ sədri sidq-ürəkdən arzu edib ki, Yer üzündə müharibələr olmasın, bu müharibələrdən əziyyət çəkən insanların məşəqqətləri sona yetsin, insanlar öz doğma yurdlarından qaçqın düşməsin, məcburi köçkün həyatı sürməyə vadar olmasın, miqrant fəlakətləri davam etməsin, dini, milli zəmində ayrıseçkilik halları baş verməsin, dini-mənəvi abidələr məhv olunmasın, dini məbədlərə həqarət edilməsin, şəhər və kəndlər viran qoyulmasın, dinc mülki əhali, uşaq, qadın və qocalar qətlə yetirilməsin.

Şeyxülislam A. Paşazadə qeyd etdi ki, Uca Rəbbin yaratdığı ən böyük dəyər insan həyatıdır və onun xilası ənənəvi dinlərin təlqin etdiyi humanist mənəvi dəyərlərdən keçir. Dünyanı, bəşəri qorumaq üçün insanlar bu dəyərlər ətrafında vəhdət yaratmalı, bütün dinlər səylərini birləşdirməlidirlər. Bu dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma, sivilizasiyalar, dinlər arası əməkdaşlıq önəmli yer tutur. Bu gün sülhün qorunması probleminin həllində, beynəlxalq müstəvidə ədalətin təminində, habelə terror, ksenofobiya, antisemitizm, islamofobiya, xristianofobiya, ekstremizm və radikalizmin, irqçilik, neofaşizm təzahürlərinin, nifrətə çağırışların qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı hər zamankından daha vacibdir. QMİ sədri ötən il ərzində pandemiyaya baxmayaraq böyük uğurlara imza atan KAİCİİD təşkilatınının bu yöndə səylərini bundan sonra da davam etdirəcəyini bildirdi.

Din xadimlərinin yeganə vasitəsinin söz, dua, Uca Yaradanın yoluna dəvət edən moizə olduğunu vurğulayan QMİ sədri ümid və dua etdi ki, yeni 2021-ci il bəşəriyyət üçün yeni imkanlar və uğurlar ili olsun, pandemiya bəlasından birgə xilas olaq, dünyada gedən proseslər, birgə səylərimiz xeyirlərə vəsilə olsun! Çıxışını Quran ayəsi ilə bitirən Şeyxülislam A. Paşazadə vebinar iştirakçılarına öz dini inanclarına uyğun şəkildə dualar etməyi təklif etdi ki, Ulu Rəbbimiz dünyanı bütün bəlalardan hifz etsin, insanlıq naminə ən xoş arzularımız həyata keçsin.

Şeyxülislam A. Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Dr. Məhəmməd Sammak, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram, habelə İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi dr. Hamad əl-Məcid vebinarda çıxış etdilər. Yeni təqvim ilində pandemiyanın fəsadlarına rəğmən insanların ümid və daha böyük səylə fəaliyyətlərini davam etdirmələri, mənəvi dəyərlərə istinadən bütün problemlərin öhdəsindən gəlmələri üçün dualar edildi. Onlayn sessiya məhsuldar keçdi.

Oxşar Xəbərlər