Aqoniyada olan Paşinyan diktaturası artıq demokratiyanı imitasiya edə bilmir

Aqoniyada olan Paşinyan diktaturası artıq demokratiyanı imitasiya edə bilmir

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlarından fərqli olaraq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını da itirib, ölkəsini fəlakətə sürükləmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara qarşı təzyiq və təhdidləri açıq şəkildə etməkdən belə çəkinmir. Qərb dairələri uzun müddət 2018-ci ilin aprelində Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistanda bu gün nəinki demokratikləşmə, hətta demokratiyanın işartıları belə qalmayıb, ölkənin kriminal şəxslərin neofaşizm yuvasına çevrilməsi artıq heç kəsə sirr deyil.

Maraqlıdır ki, hazırda Ermənistanda baş verən hadisələr Azərbaycanda olsaydı, Qərb buna sərt reaksiya verə, bu barədə bəyanat verməyən hüquq təşkilatı qalmazdı. Bununla belə, Qərb Ermənistanda müxalifətin əzilib sıradan çıxarılmasını susqunluqla qarşılayır, görməzdən gəlir. Bu da, göründüyü kimi, ölkələrə qarşı ikili standartlar, ədalətsizlik, selektiv münasibətdən qaynaqlanır. Xüsusilə hərbi əməliyyatların getdiyi dövrdə ikili standartları bariz şəkildə müşahidə etmək mümkün idi. Belə ki, dövlət başçısı İlham Əliyevə feyk məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs edilməsi barədə sual verənlər bu gün Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir, heç nə baş verməmiş kimi davranırlar, bu barədə Paşinyana heç bir sual ünvanlanmır.

Qeyd etmək lazımdır ki, ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal edilən torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycan Prezidentinə qarşı xarici mediada hədyanlar yazanlar, bunu sifariş edənlərin əsl kimlikləri, simaları bu gün ortaya çıxır, onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edirlər. Bərdə, Gəncə və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın hərbi cinayətlərindən bəhs etmək yerinə Azərbaycana və onun liderinə qarşı cəfəngiyyatlarını davam etdirirlər. Bu gün bir sıra Qərb ölkələri, xüsusilə Fransanın, Kanadanın Azərbaycana qarşı hərbi cinayətlər törətmiş Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.

Unudulmamalıdır ki, N.Paşinyanın hakimiyyətinin hələ 7-ci ayında “demokratik ölkə”də siyasi məhbus Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada dünyasını dəyişib. Gözlənildiyi kimi, Paşinyanın sponsoru olan Qərb dairələri onun iqtidarının bu cinayətinə də göz yumdu. Hakimiyyətdə olduğu cəmi 2 il ərzində “korrupsiyaya qarşı mübarizə” bəhanəsi ilə siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi açan, aparıcı müxalifət partiyasının sədri, deputat Qaqik Sarukyanı bu gün də həbsdə saxlayan Paşinyanın bu davranışı yenə Qərb dairələrini “narahat etmədi”.

Sözsüz ki, bu cəzasızlıq daha böyük cinayətlərə yol açdı. Paşinyan cinayətləri sırasına hərbi cinayətləri də əlavə edib Azərbaycana qarşı müharibəyə başlayıb. Müharibə zamanı rusiyalı jurnalist Oleq Kaşin Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün onun akkreditasiyası ləğv olunub və ölkədən çıxarılıb. Beynəlxalq media təşkilatları bu hadisəyə də biganə qalıblar.

Bəyanatı imzalamaqla Azərbaycan qarşısında kapitulyasiyanı elan edən Paşinyan iqtidarı daxili auditoriya üçün bunu bir başqa formada təqdim etməyə çalışsa da, bu, onda uğursuz alınıb. Beləliklə, Ermənistan baş naziri ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb.

Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunması fonunda ötən gün Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət liderinin saxlanılması da təsadüfi deyil. Müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir.

Aqoniyasını yaşayan Paşinyan iqtidarı ölkədə dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini tənqid edən, yaydıqları yalan məlumatları təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanmasını qadağan edib. Vəziyyət o həddə çatıb ki, ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avro cərimə nəzərdə tutulub. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər.

Bu günlərdə bölgəmizdə baş vermiş müharibə və dağıntılara görə yalnız Paşinyan yox, həmçinin onun havadarları, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar.

Oxşar Xəbərlər