ASCO-nun Müşahidə Şurası qurumun gələnilki gəlir və xərc smetasını bəyənib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyəti üzvlərinin iştirakı ilə qurumun Müşahidə Şurasının (MŞ) iclası keçirilib.

QİA.AZ” bu barədə Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verir.

Məlumata görə, iclasda iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığın təmin olunması, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə yaradılmış iri dövlət şirkətlərinin gəlir və xərclər smetaları üzrə Komissiyaya təqdim ediləcək ASCO-nun 2022-ci il üzrə gəlir və xərclər smetası müzakirə edilərək müəyyən rəylər nəzərə alınmaqla bəyənilib.

İclasda həmçinin sözügedən smetada əksini tapan göstəricilərin Cəmiyyətin yükdaşıma fəaliyyəti; Azərbaycanda, eləcə də kənarda neft-qaz əməliyyatlarına dair xidmətlər; Cəmiyyətin Xəzərdən kənar fəaliyyət göstərən gəmilərinin fəaliyyəti; korporativ sosial məsuliyyət layihələri və digər istiqamətlər üzrə mövcud tendensiya və gözləntilər, risklər və onların idarə edilməsi imkanlarına dair proqnozların Cəmiyyətin gəlir və xərc göstəricilərinə təsiri və ötən illərin müvafiq göstəriciləri ilə müqayisəsi əyani şəkildə göstərilmiş müfəssəl təqdimatı ətrafında müzakirələr aparılıb.

MŞ ölkə prezidentinin 11 fevral 2021-ci il tarixli sərəncamına əsasən yaradılıb.

Oxşar Xəbərlər