Azərbaycan səfiri Ermənistan XİN başçısına sərt cavab verib

Dekabrın 7-də Hanoy şəhərində Vyetnam Xarici İşlər Nazirliyi və BMT-nin birgə təşkilatçılığı ilə “Sülhün bərqərar olunmasında və qorunmasında qadınların rolunun gücləndirilməsi: öhdəliklərdən nəticələrə doğru” adlı Beynəlxalq Konfransın açılış mərasimi keçirilib.

Bu barədə “QİA.AZ”a Azərbaycanın Vyetnamdakı səfirliyindən məlumat verilib.

Tədbir həm fiziki, həm də virtual formatda təşkil olunmuş və açılış mərasimində müxtəlif ölkələrin xarici işlər nazirləri və nazir müavinləri, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif QHT-lərin təmsilçiləri və ekspertlər iştirak ediblər.

Tədbirdə Ermənistan xarici işlər naziri Ara Ayvazyan çıxış edərək 27 sentyabr tarixindən etibarən Ermənistanın növbəti təcavüzünə cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı ilə bağlı məsələləri təhrif olunmuş şəkildə çatdırmış, doğru olmayan məlumatları tədbir iştirakçılarına təqdim edib, Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürüb.

Ermənistan xarici işlər nazirinin çıxışına cavab olaraq Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov söz alıb və Beynəlxalq Konfrasdan sui-istifadə edərək Azərbaycan və Türkiyəyə qarşı ittihamların irəli sürülməsinin qəbuledilməzliyini vurğulayıb. Ermənistan nazirinin ittihamlarını qətiyyətlə rədd edən səfir Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20%-nin işğal olunmasının beynəlxalq ictimaiyyətə məlum fakt olduğunu vurğulayıb. O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul edildiyini, bu sənədlərin 27 il ərzində kağız üzərində qaldığını və diplomatik yolla onların həyata keçirilməsinə nail olunmadığını təəssüflə tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra səfir A.İmanov cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin davamlı pozulmaqlarına cavab olaraq 44 gün davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdiyini və müvafiq qətnamələrin icrasının təmin edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərini atəşə tutması nəticəsində dinc əhali, xüsusəndə qadın və uşaqlar arasında böyük sayda həlak olan və yaralanların olduğunu bildirib. Həmçinin səfir Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib.

Çıxışın sonunda səfir Ermənistan rəsmilərini Azərbaycanı ittiham etmək əvəzinə güzgüyə baxmağa çağırıb. A.İmanov güzgüyə baxarkən onların hərbi cinayətkar görəcəklərini vurğulayıb.

Oxşar Xəbərlər