Yaponiyanın Kioto şəhərində keçirilən BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresində iştirak edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Yaponiyanın ədliyyə naziri xanım Yoko Kamikava ilə görüşüb.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, ölkəmizin ədliyyə naziri həmkarını cinayətkarlıqla mübarizəyə həsr olunmuş bu mötəbər forumun pandemiya şəraitində yüksək səviyyədə keçirilməsi və Konqresin prezidenti seçilməsi münasibətilə təbrik edib, habelə qlobal cinayətkarlıqla mübarizə üzrə bütün dövlətlər üçün yol xəritəsi olan və Azərbaycanın milli maraqlarını əks etdirən Kioto Bəyannaməsinin qəbul olunmasının mühüm əhəmiyyətini qeyd edib.
Azərbaycan ədliyyə nazirinin Konqresdə bilavasitə iştirakını yüksək qiymətləndirən Y.Kamikava iki ölkə arasında dostluq əlaqələrinin olduğunu, 30 il ərzində əməkdaşlıq münasibətlərinin uğurlu inkişafını qeyd edib, hüquqi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlı olduğunu söyləyib.
Nazir F.Məmmədov dövlətlərimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib, ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün perspektivlərin olduğunu deyib, bu sahədə konkret təkliflər irəli sürüb.
Eyni zamanda, Azərbaycanın məhkəmə-hüquq sahəsində beynəlxalq aləmdə təqdir edilən islahatları barədə məlumat verilməklə hüquqi sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağı qeyd olunub,iki nazirlik arasında əməkdaşlığa dair sənədin hazırlanması barədə razılığa gəlinib.
Nazir həmçinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin böyük Qələbəsini, torpaqlarımızın 30 illik erməni işğalından azad olunaraq ədalətin bərpa edildiyini vurğulayıb.
İşğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi, bütün infrastrukturun büsbütün viran olunduğu, o cümlədən tarixi, mədəni və dini abidələrin məhv olunması ya da talanması faktları xüsusi qeyd olunub.
Məcburi köçkün olmuş 750 min soydaşımızın öz dədə-baba yurdlarına qayıtması üçün ərazilərimizin bərpası üzrə görülən genişmiqyaslı işlərdən, o cümlədən “ağıllı kənd”lərin və yaşıl enerji zonalarının yaradılmasından danışılaraq, bu sahədə xarici tərəfdaşlarla əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə iştirak edib.