“Anglo-Asian Mining Plc.” şirkəti Azərbaycanda yataqlarda filizin daha effektiv yeraltı üsulla hasil edilməsini araşdırır.
“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin baş direktoru Reza Vəziri bildirib.
Onun sözlərinə görə, kəşfiyyat proqramı 5 yeni yataqda işlərin aparılmasını nəzərdə tutur: “Həmçinin gözlənilir ki, əlavə filiz mənbələrinin yaranması“ Gədəbəy” karxanasında və “Qadir” yeraltı mədənlərində hasilatı daha da artırmağa gətirib çıxaracaq”.
R. Vəziri bildirib ki, “Gədəbəy” və “Qadir” yataqlarının mineral resurs və ehtiyatlarını yenidən qiymətləndirməsindən sonra məlum olub ki, “Gədəbəy” yatağının ehtiyatları 284 min unsiya qızıl və 26 min ton mis təşkil edir.
Onun sözlərinə görə, “Qadir” yeraltı mədəninin ehtiyatları isə 49 min unsiya qızıl və 191 min ton mis təşkil edir.
Xatırladaq ki, bu yataqların mineral resurslar və filiz ehtiyatlarının qiymətlərndirilməsi müstəqil “Mining Plus UK Limited” şirkəti tərəfindən aparılıb. Qiymətləndirmə hazırlanarkən hər bir yatağın işlənməsi, son geoloji və kəşfiyyat-qazma işləri zamanı toplanan məlumatlara əsaslanan etibarlı geoloji modellərə əsaslanılıb.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.