“Aparılan karantin tədbirlərinə baxmayaraq təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir. Yoluxmaların sayı artdıqca istənilən şəxsin yaşadığı, işlədiyi yerdə, xüsusən də müxtəlif fəaliyyəti ilə bağlı qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır”.
“QİA.AZ” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu bilən və ya ən azı güman edən, xəstələrlə təmasda olan şəxslər də özlərini təcrid qaydalarına etinasız yanaşaraq həm yaxınlarını, həm də evdən bayıra çıxmaqla digərlərinin həyatını təhlükəyə atırlar: “Belə məsuliyyətsiz insanlara bir daha onu demək istərdik ki, bu yolverilməzdir və yoluxma zənciri böyüdükcə infeksiya bumeranq effekti ilə qayıdaraq bu dəfə sizlərin ən əziz insanları da qurban seçə bilər. Məhz belə bir şəraitdə fərdi qoruyucu vasitələrdən düzgün və hamılıqla istifadə edərək maksimum yararlanmaq çox vacibdir. Bilmək lazımdır ki, heç bir şəxs bu infeksiyaya yoluxmadan sığortalı deyil. Ona görə də özümüzü qorumaqla həm yaxınlarımızı, həm də bütünlükdə xalqımızı qorumuş olarıq”.
Mütəxəssis evdə nəzarət prosesinə nələrin daxil olduğunu da açıqlayıb: “Virusa yoluxmuş və xəstələnmiş insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir. Bu bir çoxlarında belə təəssürat yaradır ki, hər şey müvəqqəti və fəsadsız keçib gedəndir. Onlar həkimə müraciət etmədən və ya müxtəlif qeyri-peşəkar və ya ümumiyyətlə tibb təhsili olmayan və xəstəliyi yüngül keçirərək qurtulmuş şəxslərdən müxtəlif məsləhətlər, o cümlədən müalicəvi tövsiyyələr alaraq bunları icra edirlər. Təbii ki, bu tövsiyyələr xəstənin vəziyyətinə adekvat olmadığından bir çox hallarda ziyanlı olur. Xüsusən də evdə antibiotiklərdən, hormonal preparatlardan, yüksək dozalı müxtəlif vitamin preparatlarından, infuzion mayelərdən tibbi göstərişlər olmadan və nəzarətsiz istifadə olunması fəsadlara yol açaraq faciəvi sonluqla bitə bilər. Ona görə də ən düzgün yol özündə hərarətin yüksəlməsi, əzginlik, zəiflik, əzələ ağrıları, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər hiss edən şəxs mütləq qaydada yaşadığı ərazi üzrə sahə həkiminə ilk olaraq telefonla müraciət etməli, yalnız həmin həkimlərdən aldığı lazımi və düzgün olan tövsiyyələri icra etməlidir. Belə şəxs birinci növbədə evdə özünü təcrid etməli, maska geyinməli, digər ailə üzvlərinin də maskadan istifadə etməsinə, evdaxili təmasların minimallaşdırılmasına, otaqların tez-tez havalandırılması və s. kimi qoruyucu tədbirlərin əməl olunmasına nail olmalıdır”.