Bu gün Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “COVİD 19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda Nazirlərin “dəyirmi masa”sı, sabah isə Nazirlərin 22-ci Görüşü keçiriləcək.
QİA.AZ xəbər verir ki, bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, onlayn formatda təşkil olunan görüşlərdə Əlcəzairin Energetika naziri, Qaz İxrac Edən Ölkələr Forumu Nazirlər görüşünün sədri Əbdülməcid Attarın dəvəti ilə foruma üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. Nazirin hər iki görüşdə çıxışı nəzərdə tutulub.
Tədbirlər Bakı vaxtı ilə saat 16:00-dan – 20:00-dək (Əlcəzair vaxtı ilə saat 13:00-dan 17:00-dək) keçiriləcək. Nazirlər Görüşünün sonunda mətbuat konfransı təşkil olunacaq.