Azərbaycanın Gürcüstandakı səfiri iranlı həmkarı ilə görüşüb

Dek23,2020

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev İran İslam Respublikasının Gürcüstandakı səfiri Əkbər Qasemi Əliabadi ilə görüşüb.

Bu barədə “Report”un yerli bürosuna səfirlikdən məlumat verilib.

Görüşdə son müddət ərzində bölgədə cərəyan edən proseslər müzakirə olunub, təqribən 30 il boyunca Azərbaycana qarşı davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, eləcə də bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyi bildirilib.

F.Quliyev söhbət əsnasında həmçinin Azərbaycanın apardığı Vətən müharibəsində İran dövləti və xalqının ifadə etdiyi həmrəyliyə və göstərdiyi prinsipial mövqeyə görə Azərbaycan dövləti və xalqı tərəfindən minnətdarlığın bildirilməsini məmnuniyyətlə yada salıb.

İran səfiri öz tərəfindən İranla Azərbaycan arasında möhkəm zəmin üzərində qurulan münasibətlərin hər iki dost xalqının mənafelərinə xidmət etdiyini vurğulayıb. O, Azərbaycan Respublikasını ərazi bütövlüyünün bərpa olunması uğrunda apardığı müharibədə şanlı Qələbə münasibətilə təbrik edərək, İranın bu ədalətli mövqeyə göstərdiyi dəstəyi bir daha önə çəkib.

Bu xüsusda, görüşdə Azərbaycanla İran arasında bərqərar olunmuş mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin, eləcə də hər iki ölkənin Gürcüstanla əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması nəticəsində Cənubi Qafqaz bölgəsində müxtəlif formatlarda çoxtərəfli əməkdaşlıq üçün yaranan gözəl fürsətlər qeyd edilib.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə ediblər.

Oxşar Xəbərlər