Baş nazir Teymur Musayevi kollektivə təqdim edib

Aprelin 24-də Baş Nazir Əli Əsədov Səhiyyə nazirinin birinci müavini Teymur Musayevi nazirliyin kollektivinə təqdim edib.

Səhiyyə Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, tədbirdə nazirliyin kollegiya üzvləri iştirak ediblər.

Baş Nazir Əli Əsədov çıxış edərək dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamları diqqətə çatdırıb. Teymur Musayevi təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Teymur Musayev bir sıra məsul vəzifələrdə fəaliyyət göstərib. Bu sahədə təcrübə, səriştə və idarəçilik bacarığına malikdir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, Teymur Musayevin həmçinin Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Əli Əsədov onun bu yüksək etimadın öhdəsindən gələcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə başlanan islahatlar prosesi davam etdirilməlidir.

Baş Nazir Teymur Musayevə və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.

Təqdimat mərasimində çıxış edən Teymur Musayev ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Teymur Musayev qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir. Fəaliyyəti zamanı dövlətçilik, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsiplərini daim özünə rəhbər tutacaq.

Oxşar Xəbərlər