“BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvlərinin və “De Novo” klubunun birgə təşkilatçılığı ilə İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Zümrüd Əlizadə tərəfindən “Erkən nikahın fəsadları” adlı təlim keçirilib.
QİA.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
Təlimdə erkən nikah anlayışı, onun hüquqi və ictimai tərəfləri, səbəbləri, əhatə dairəsi, qurbanları, fəsadları haqqında məlumat verilib. Bildirilib ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, ölkəmizdə nikah yaşı 18-dir, üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər. Erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür nikahlar sonradan onların həyatında böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərə kimi bir çox problemlərə yol açır. Qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə belə hallara erkən nikaha girən ailələrdə daha çox rast gəlinir. Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşayır, buna görə də ana olan zaman onların öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır.
Təlimdə problemin ictimai-sosial və hüquqi həlli yolları müzakirə olunub, tələbələrin sualları cavablandırılıb.