“Bu gün Azərbaycana səfərimizi şəhidlərin məzarlarını ziyarət edərək yekunlaşdırırıq. Dünən görüşlərimiz oldu. Azərbaycan Prezidenti İlham Əliyev bizi qəbul etdi. Həmçinin Milli Məclisin Sədri, Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi ilə görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik. Məqsədimiz torpaqlarını işğaldan azad edən Azərbaycana dəstək olmaqdır. Eyni zamanda, azərbaycanlı qardaşlarımızla Türkiyə xalqının həmrəyliyini bir daha nümayiş etdirməkdir”.
“QİA.AZ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım deyib.
Binəli Yıldırım qeyd edib ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, biz “bir millət, iki dövlətik”. Azərbaycanın dostu bizim dostumuz, düşməni də bizim düşmənimizdir. Bundan sonra da daim belə olacaq. Qarabağ Azərbaycanındır, Türkiyə hər zaman Azərbaycanın yanındadır.