Bakı şəhəri 80 nömrəli tam orta məktəbdən olan abituriyentlər Bakı Dövlət Universitetində (BDU) olublar.
Bu barədə QİA.az-a BDU-dan məlumat verilib.
Abituriyentlər seçdikləri ixtisas qruplarına uyğun olaraq BDU-nun Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Fizika fakültələrində, laboratoriya, təcrübə və dərs otaqlarında olublar.
Abituriyentlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.
Abituriyentlər BDU-nun Heydər Əliyev, “Genetika və təkamül” muzeyləri, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, mərkəzdə tələbələrin elmi yaradıcılıq potensialının aşkara çıxarılması, elmi-tədqiqatla məşğul olmaları üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.
Sonda abituriyentlər BDU-nun yeni təmir olunmuş 2 saylı tədris binasında yaradılan şəraitlə də tanış olublar.