Bir qrup hərbi qulluqçu tərxis edilib – FOTO

Apr29,2021

28-29 aprel tarixlərində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçularının tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “QİA.az”-a verilən məlumata görə, mərasimlərdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılmış, Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddətində öz vəzifələrini şərəflə yerinə yetirdikləri qeyd olunmuşdur.

Hər bir sərhədçi əsgərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində möhtəşəm zəfərlə başa çatan və Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan Vətən Müharibəsinin qalib əsgəri olmaqdan, müqəddəs torpaqları­mızın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı döyüşməkdən, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmaqdan böyük şərəf və qürur duyması vurğulanmışdır.

Ölkəmizin ərazi suverenliyinin bərpası, doğma torpaqlarımızın yağı düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən yolunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlarda qalacağı qeyd olunmuşdur.

Xidmət etdiyi hərbi hissə ilə vidalaşaraq mülki həyata qovuşacaq əsgərlərin hərbi xidmət dövründə qazandığı müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əminlik ifadə edilmişdir.

Tədbirlərin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınmışlar.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər