Bu ilin üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə təqribən 67 mln ABŞ dolları, əsaslı xərclərə isə təqribən 20 mln ABŞ dolları xərclənib.
“QİA.AZ” “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 469 mln tondan artıq (3,52 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 595 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bu ilin üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28 mln ABŞ dolları və ya 29,5 % az, əsaslı xərclərin həcmi isə 5 mln ABŞ dolları və ya 20 % azalıb.
Bu ilin üç rübü ərzində isə BTC vasitəsilə təqribən 21,4 mln ton (162 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 214 tankerə yüklənib.
Doqquz ay ərzində BTC ilə nəqlin həcmi illik müqayisədə 10,8 % azdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən tranzit nefti nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10 %); AzBTC (25 %); MOL (8,90 %, 16 aprel tarixindən “Chevron” şirkətini əvəz edib); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,40 %); “İnpex” (2,50 %), “ExxonMobil” (2,50 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.