Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub

Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini kobud şəkildə pozaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminə üçüncü dəfə riayət etmədiyini, eyni zamanda Bərdə şəhərində dinc Azərbaycan əhalisini qəsdən hədəfə aldığını vurğuladı. O, münaqişə zonasından çox uzaqda yerləşən şəhərlərin uşaqlar və qadınlar da daxil olmaqla, günahsız mülki əhalinin Vaşinqton görüşündən sonra və nəzərdə tutulan Cenevrə danışıqları ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə hücumlara məruz qaldığını qeyd etdi. Nazir Ceyhun Bayramov, həmçinin həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumu nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verdi.

ABŞ dövlət katibinin müavini Stiven Biqan mülki itkilərdən ciddi narahatlığını dilə gətirdi və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirdi. O, gərginliyin azaldılmasının və münaqişənin siyasi həllinə nail olmaq üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini vurğuladı.

Oxşar Xəbərlər