Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlar qrupu olan “Şencou-18” (Shenzhou-18) missiyasına start verilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Şencou-18” missiyasında astronavtlar (Çində onları taykonout adlandırırlar) Yı Quanfu, Li Çon və Li Quansu iştirak edirlər. Bu, Çinin orbitə göndərdiyi 13-cü pilotlu missiyasıdır. Yı Quanfu “Şencou-13” missiyasının üzvü kimi bir dəfə kosmosda olub.
“Şencou-18” kosmik gəmisini orbitə aparan “Böyük yürüş-2F” daşıyıcı raketinin buraxılışı Qobi səhrasındakı Ciuçüən kosmodromunda aprelin 25-də yerli vaxtla axşam saat 20:59-da baş tutub. Buraxılışdan əvvəl ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi yolasalma mərasimi təşkil olunub.
Çin Kosmos Agentliyi buraxılışdan təxminən on dəqiqə sonra kosmik gəminin raketdən ayrılaraq planlaşdırılan orbitə daxil olduğunu açıqlayıb. Növbəti mərhələ isə kosmik gəminin “Tienqon” adlı stansiyası ilə birləşməsidir.
“Şencou-18” missiyası kosmik stansiyada 6 aylıq fəaliyyətini aprelin 30-da başa vuracaq “Şencou-17” missiyasının astronavtları Tan Honbo, Tan Şencie və Cian Sinlini əvəzləyəcək. “Şencou-18” missiyasının astronavtlarının da stansiyada təxminən 6 ay qalması nəzərdə tutulub. Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul və iki laboratoriya modulundan ibarətdir. Əsas modul 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb. Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.
Çin Kosmik Texnologiyalar Akademiyasının tədqiqatçısı Can Çiao ötən il Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı ölkəsinin kosmik stansiyasının iki dəfə böyüdüləcəyini bildirmişdi. Belə ki, qarşıdakı illərdə kosmik stansiyanın modullarının sayının 3-dən 6-ya çatdırılması, onun texniki imkanlarının çoxaldılması planlaşdırılıb. Stansiyanın böyüdülməsi planına böyük antena və teleskop, 3D printer, robotlar, müşahidə, aşkarlama və xəbərdarlıq cihazları da daxildir. Genişlənmədən sonra stansiyanın çəkisi 180 tona çatacaq.