”Dəmir yumruğ”u unutmayın və bilin ki…”

“Xankəndidə separatçıların belə bir addımı ilk növbədə keçən ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya siyasi liderlərinin imzaladığı sənədin, eyni zamanda 11 yanvar tarixli digər bəyanatın ruhuna daban-dabana ziddir. Bu, regiona yenidən gərginlik gətirərək qarşıdurma mühitini formalaşdırmaq, xüsusilə, indiyə qədər əldə edilmiş razılaşmaların üstündən xətt çəkmək, o cümlədən əməkdaşlıq mühitini dağıtmaq mahiyyəti kəsb edir”.

“QİA.az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, ermənilər heç bir halda Azərbaycanın tarixi qələbəyə imza atması ilə barışmaq istəmilər:

“Qondarma Dağlıq Qarabağdakı seperatçı rejimin törtöküntüləri növbəti təxribatçı addıma imza atıblar. Qondarma rejimin qondarma parlamenti həm erməni, həm də rus dilini dövlət dili elan edib. Belə bir addımın atılması regiona yenidən gərginlik gətirməklə qarşıdurma mühitini formalaşdırmaq, xüsusilə, indiyə qədər əldə edilmiş razılaşmaların üstündən xətt çəkmək, əməkdaşlıq mühitini dağıtmaq mahiyyəti kəsb edir. Təbii ki, sual yaranır ki, belə bir addımın atılmasını şərtləndirən amillər nə ilə bağlıdır, hansı motivlər qondarma rejimi belə bir addım atmağa vadar edib? Heç şübhəsiz ki, ilk növbədə onların revanşist hissləri ilə bağlıdır. Heç bir halda barışmaq istəmirlər ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbəyə imza atıb, Ermənistanı diz çökdürüb, onun rəhbərliyini kapitulyasiya aktı imzalamağa məcbur edib. Bununla yanaşı hesab edirəm ki, onlar Cənab Prezidentin məlum mövqeyini, sərt bəyanatlarını unutayıblar. Biz müharibədə qalib gəlmişik və bundan sonra yalnız əməkdaşlıq mühitinin formalaşmasında maraqlıyıq. Hətta Azərbaycan tərəfi 6 tərəfli əməkdaşlıq formatı çıxış edir. Seperatçılar hələ də “bəlkə də qaytardıq” xülyası ilə yaşayırlarsa, “dəmir yumruğ”u unutmasınlar! Belə olan vəziyyətdə əgər müharibə labüdləşərsə, bu müharibədə, artıq Ermənistanın özünün mövcudluğu sual altına düşə bilər. Bunu dərk etmək bu qədərmi çətindir?!”

E.Nəsirov vurğulayıb ki, indiki vəziyyətdə seperatçıların bu davranışı Rusiya tərəfindən də ciddi qınaq obyektinə çevrilməli, Rusiyanın müvafiq qurumları bu məsələ ilə bağlı mövqe bildirməlidirlər:

“Çünki əgər seperatçı rus dilini dövlət dili elan edirsə, niyyətlərinin nə olduğunu dərk etmək elə də çətin deyil. Bu səbəbdən biz Azərbaycanın strateji tərəfdaşı olan Rusiya dövlətinin, onun ali siyasi rəhbərliyinin bu məsələ ilə bağlı konkret mövqe ortaya qoyacağını və erməni seperatçılarının növbəti təxribatçı davranışının qarşısını almaq üçün hüquqi müstəvidə müvafiq addımlar atacağını gözləyirik”.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər