Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha müraciət edib.
DİN-in Mətbuat xidmətindən “QİA.AZ”a bildirilib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat alan şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.
“Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.
Qeyd edək ki, müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-00-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər.
Sonda qeyd edək ki, texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülərə rast gəlinməkdədir. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər də dövlət yol polisinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə olunurlar”, – Mətbuat xidmətindən bildirilib.