İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün iyunun 20-də keçirilən test imtahanının nəticələri elan olunub.
“QİA.az”ın məlumatına görə, imtahan nəticələri bu gün saat 13:40-dan etibarən DİM-in saytında yerləşdirilib.
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1 943 namizəddən 37 nəfər imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 5 nəfər, BA2 altqrupu üzrə 17 nəfər, BA3 altqrupu üzrə 45 nəfər, BA4 altqrupu üzrə 65 nəfər, BB1 altqrupu üzrə 90 nəfər, BB2 altqrupu üzrə 110 nəfər, BB3 altqrupu üzrə 164 nəfər, BB4 altqrupu üzrə 165 nəfər olmaqla, ümumilikdə 661 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün iyunun 22-dən iyulun 6-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 22-24 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).