Dövlət Statistika Komitəsində 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib

Fevralın 12-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələri rəhbərlərinin iştirakı ilə statistika orqanlarının 2020-ci ildəki fəaliyyəti və cari ildə qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında geniş kollegiya iclası keçirilib.

“QİA.AZ”-ın Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Mətbuat Xidmətindən aldığı məlumata görə, iclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin ölkəmizin çoxəsrlik tarixində mühüm uğurlar və əlamətdar hadisələrlə zəngin il olduğunu xatırladıb. Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti nəticəsində dünyada siyasi və beynəlxalq mövqelərimizin daha da möhkəmləndirildiyini, 44 günlük haqq savaşında şanlı qələbə qazananıldığını diqqətə çatdırıb. Bildirib ki, həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, ötən il koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda uzunmüddətli və dinamik sosial-iqtisadi inkişafın dayanıqlığı təmin edilib.

Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəsmi statistikanın beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən tədbirlər və qurumun 2020-ci ildəki fəaliyyəti barədə ərtaflı məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsi, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsi məqsədilə zəruri tədbirlər görülüb, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” icrası davam etdirilib. Statistik infrastrurukturun yenilənməsi, statistik istehsal prosesinin səmərəliliyinin yüksəldilməsi, milli və beynəlxalq tələblər nəzərə alınmaqla hesabat formalarının və metodoloji tövsiyələrin təkmilləşdirilməsi, habelə statistik vahidlərlə və istifadəçilərlə işlərin təşkili sahəsində mühüm tədbirlər həyata keçirilib.

Kollegiya iclasında qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb və öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2020-ci il üçün statistik işlər proqramı, metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları əsasında qurmuşdur. Görülmüş tədbirlər nəticəsində qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olunub. 

Vurğulanıb ki, innovativ texnologiyalar əsasında statistik potensialın gücləndirilməsi məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən zəruri addımlar atılır, bir çox beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edilir, qabaqcıl ölkələrdə tətbiq edilən innovativ yanaşmalar və ən yeni standartlar öyrənilərək onların milli statistika sisteminə inteqrasiyası həyata keçirilir.

Statistika məlumatlarının toplanmasında, emalında və yayımlanmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi üçün bir sıra işlər görülüb, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilib və nəticədə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95,0 faizi ötüb, statistik hesabatları elektron formada internet vasitəsilə təqdim etmək üçün il ərzində 3,2 milyon müraciət daxil olub, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilib, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları da yüksəlib.

“E-statistika” sistemi çərçivəsində Dövlət Statistika Komitəsi tərəfindən göstərilən və “Elektron hökumət” portalına inteqrasiya olunmuş xidmətlər, onların mobil versiyaları təkmilləşdirilib, bu xidmətlərdən asan və sərbəst, dövlət statistika orqanlarına gəlmədən istifadə edilməsi təmin olunub. Görmə qüsuru olan şəxslərin də Komitənin internet səhifəsindən istifadə etməsini təmin etmək məqsədilə “WCAG” (Web Content Accessibility Guidline) beynəlxalq standartına uyğun olaraq “Görmə qüsurlu şəxslər üçün” adlı yeni səhifə yaradılıb.

Elektron xidmətlərlə bağlı görülmüş işlərin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən göstərilən xidmətlərlə bağlı “ASAN xidmət indeksi” üzrə Agentliyin apardığı qiymətləndirməyə əsasən tərtib edilmiş reytinq cədvəlində Dövlət Statistika Komitəsi 42 qurum (o cümlədən 25-i mərkəzi icra hakimiyyəti orqanı) arasında əvvəlki ildə olduğu kimi, 2020-ci ildə də 2-ci mövqedə qərarlaşıb.

2020-ci ildə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də metodoloji bazanın möhkəmləndirilməsi olub. BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 61 metodoloji material hazırlanıb, statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə statistik hesabat formalarının təkmilləşdirilməsi işi davam etdirilib.

Dövlət Statistika Komitəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun icrasını təmin etmək məqsədilə təsdiq edilmiş texniki normativ hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində qeydiyyata alınması üzrə işləri davam etdirib və hesabat ilində 11 adda hesabat forması reyestrə daxil edilib.

Digər sahələrlə yanaşı, statistika orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də hakimiyyət orqanlarının və digər statistik məlumat istifadəçilərinin cari tələbatlarının ödənilməsi olub. Bu məqsədlə 2020-ci ildə 33 adda statistik məcmuə çap edilərək istifadəçilərə çatdırılıb, eyni zamanda nəşrlərin elektron versiyaları Komitənin rəsmi internet səhifəsində yerləşdirilib. Komitənin veb-səhifəsi (www.stat.gov.az) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq yenilənib, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə 15 minə yaxın cədvəli, təhlil və metodoloji materialları əhatə etib. 2020-ci ildə internet səhifəsindən 90.5 faizi ölkə ərazisindən, 9.5 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 8375 istifadəçi bəhrələnib.

Hesabat dövründə Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla məlumat mübadiləsi təşkil edib ki,  ötən ildə BMT və onun regional təşkilatları, Avropa İttifaqı, BVF, BƏT, YUNİSEF, YUNESKO, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə fəal əməkdaşlıq davam etdirilib. Milli statistika sisteminin inkişafı ilə bağlı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsi yekunlaşıb.

Bundan başqa, Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb.

Daha sonra, 2020-ci ildə hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması, DİM üzrə və Strateji Yol Xəritələrində nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə müzakirələr aparılıb, əldə olunan nailiyyətlərlə, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirlərinin və yerli statistika orqanlarının rəhbərlərinin çıxışları dinlənilib.

Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 2021-ci ildə qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrasını təmin etmək məqsədilə qurumun müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Oxşar Xəbərlər