“Equinor” “Aypara” perspektiv strukturunda qazma işlərini təxirə salıb

Norveçin “Equinor” neft-qaz şirkəti COVID-19 pandemiyası şəraitində əməliyyatlarının aparılması və ümumiyyətlə sektorda yer alan çətinlikləri nəzərə alaraq, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Aypara” perspektiv strukturunda qazma işlərini təxirə salmaq qərarı verib.

Bu barədə “QİA.AZ”a “Equinor” şirkətinin Azərbaycan Nümayəndəliyindən məlumat veriblər.

Bildirilib ki, “Aypara” perspektiv sahəsində qazma işləri ötən il həyata keçirilməli idi.

“Quyunun nə zaman qazılacağından danışmaq çox tezdir”, – deyə “Equinor”dan bildirilib.

Qeyd edək ki, 2020-ci ilin I rübündə “Aypara-1” quyusunun qazma işlərinə başlamaq nəzərdə tutulur. Qazma nöqtəsində dənizin dərinliyi 140 metrdir. Qazma işlərinin 60-90 gün davam edəcəyi və 2021-ci ilin I və ya II rübündə başa çatması gözlənilirdi.

Xatırladaq ki, 31 may 2018-ci il tarixində Bakıda SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş imzalanıb. Layihənin icraçıları “Equinor” və SOCAR-dır.

Əşrəfi-Dan Ulduzu-Aypara müqavilə sahəsi Bakıdan 50 km şərqdə, Azərbaycanın sahil xəttindən (Abşeron yarımadası) 14 km şərqdə və Çilov və Pirallahı adalarından 7 km şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 20-225 metr arasında dəyişir.

“Aypara” perspektiv strukturu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 25 km, Bakıdan isə 90 km məsafədə yerləşir.

“Əşrəfi-Dan Ulduzu” strukturlar blokunun işlənməsi haqqında müqavilə 1997-ci ildə BР (30 %), “Unocal” (25,5 %), “Itochu” (20 %) və “Delta HESS” (4,5 %) arasında imzalanıb. Bu layihədə SOCAR-ın payı 20 % təşkil edib. “Əşrəfi” yatağında kəşfiyyat işləri çərçivəsində az həcmdə – 20-40 milyon ton karbohidrogen ehtiyatları aşkarlanıb. Müqavilə 2000-ci il martın 7-də hüquqi qüvvəsini itirib.

Oxşar Xəbərlər