“Hakim “Mənim addımım” fraksiyası üzvlərinin çoxu Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməsini istəyir”.
“QİA.AZ”ın xəbərinə görə, bunu Ermənistanda çıxan “İrates” qəzeti yazıb.
“Hakim “Mənim addımım” fraksiyasından 3 nəfər istefa versə, yaxud təşkilatdan çıxsa da, noyabrın 10-da təslimiyyət elan edildikdən sonra baş nazirin istefası ilə bağlı ciddi fikir ayrılığı var”, – “İrates” bildirib.
Hakim fraksiyadan olan deputatlardan biri qəzetə bunları deyib: “O, (N.Paşinyanı nəzərdə tutur – “Report”) əlbəttə, getməlidir. Onun görəcəyi bir iş qalıb? Müharibəni uduzan hansı lider vəzifəsinin icrasını davam etdirib? Məsələ ondadır ki, biz baş verənlərlə barışmamışıq. Sadəcə olaraq biz sərt bəyanatlar verib, ölkəni silkələmək istəmirik. Özümüzə yer tapa bilmirik. Biz də baş verənləri başa düşmək istəyirik, gözləmə mövqeyindəyik”.
O deyib ki, hakim fraksiyanın üzvlərinin 80 faizi Nikol Paşinyanın istefasını istəyir. Müxbirin “Ona etimadsızlıq göstərməkdə siz nə mane olur” sualını deputat belə cavablandırıb: “İlk növbədə bu ölkənin təhlükəsizliyi ilə bağlıdır. Biz təhlükəni Türkiyə tərəfdən görürük. Hesab edirik ki, bir az dözüb görəcəyimiz işlərə aydınlıq gətirməliyik”.
Deputat bildirib ki, partiyadaxili müzakirələr zamanı parlamentin xarici əlaqələr komissiyasının sədri Ruben Rubenyan və parlament sədrinin müavini Lena Nazaryan baş nazirin istefa verməsinin əleyhinə çıxış ediblər.
Deputat qeyd edib ki, N.Paşinyanın istefası üçün küçəyə çıxıb “Nikol, get!” şüarı deyənlərə qoşulmayacaqlar: “Əksinə, Paşiyan gedəcək, yerinə partiyamızdan başqası gələcək. Məsələn, baş nazirin birinci müavini Tiqran Avinyan, yaxud ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan onun yerinə gələ bilər”.