Baş Prokurorluq məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən QİA.AZ-a daxil olan məlumatda deyilir:
“Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir mülki şəxs tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin yandırılmasını əks etdirən videogörüntü yayılmışdı.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edildiyindən, qeyd edilən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə ictimaiyyətə geniş məlumatın verilməsi təmin ediləcəkdir.
Bununla yanaşı, bu kimi videogörüntülərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işlərinin başlanılmaqla müvafiq araşdırmaların aparılıb ictimaiyyətə ətraflı məlumatın verilməsinə baxmayaraq, təəsüf ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərinə qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma aparmır, cinayət törətmiş şəxslərin cəzalandırlmasından ötrü heç bir tədbir görmür”.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır”, – Mətbuat xidmətindən bildirilib.