Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün iki istiqamətdə işlər aparılır

Kamran Əliyev

“Böyük zəfər qazandığımız Vətən müharibəsi dövründə olduğu kimi Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün prokurorluq orqanları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar”.

“QİA.AZ”ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə Ermənistanın məsuliyyətə cəlb edilməsini təmin etmək üçün erməni təcavüzü ilə əlaqədar başlanan cinayət işləri üzrə zəruri sübutların toplanması, bu təcavüzün nəticələrinin rəsmiləşdirilməsi işi davam etdirilir: “Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bu sahədə işlər 2 istiqamətdə görülür. Birinci istiqamət cinayət təqibi, ikinci istiqamət isə cinayət təqibindən kənar qaydada kompensasiyaların ödənilməsi üçün müvafiq iddiaların irəli sürülməsidir. Cinayət təqibindən kənar istiqamət daha genişdir və Ermənistan silahlı birləşmələri tərəfindən faktiki vurulan zərərlə yanaşı əldən çıxmış gəliri və digər bu kimi məsələləri də əhatə edir”.

Baş prokuror bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlayan müharibədə erməni təcavüzü nəticəsində dəymiş ziyanın müəyyən edilməsi istiqamətində dağıdılan və ya zədələnən bütün tikililərə, obyektlərə prokurorluğun müstəntiqləri tərəfindən baxış keçirilir və nəticələri müvafiq qaydada rəsmiləşdirilir: “Bununla yanaşı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən ərazilərə, orada mövcud olmuş mədəni, dini və digər obyektlərə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla baxış keçirilməsi və müvafiq sübutların toplanması davam etdirilir”.

Oxşar Xəbərlər