İşğaldan azad edilmiş ərazilərin bərpası 2022-ci ilin dövlət büdcəsi xərclərinin əsas istiqamətləri sırasındadır.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında büdcə müzakirələri zamanı deyib.
Nazir bildirib ki, azad edilmiş ərazilərin bərpa olunması, yenidən qurulması, soydaşlarımızın öz doğma torpaqlarına qayıtması kimi şərəfli vəzifənin yerinə yeirilməsi təmin ediləcək.
“Cari ilin dövlət büdcəsindən bu məqsədlər üçün 2.2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur”- deyə nazir qeyd edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.
Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.