ADA Universiteti tərəfindən “Hacı Zeynalabdin Tağıyev mükafatı”nın təqdim edilmə mərasimi keçirilib. Mərasim Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evində baş tutub.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycana öz xeyriyyəçilik fəaliyyətləri ilə böyük töhfələr vermiş bu görkəmli şəxsiyyətə həsr olunan mükafat ADA Universitetinin tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na verilir. Bu adı qazanmaq üçün ADA Universitetinin tələbələri qruplar formalaşdıraraq seçdikləri mövzu üzrə tədris ili boyunca işləyərək layihələr irəli sürüblər və bu layihələrin bütün mərhələlərini müxtəlif vaxtlarda icra ediblər. Müsabiqədə ümumilikdə 45 tələbə 15 layihə təqdim edib.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev mükafatlandırma mərasiminin məhz Hacı Zeynalabdin Tağıyevin evində keçirilməsinin xüsusi önəmindən bəhs edib və tələbələrin bu cür fəaliyyətlərdə fəal olmağından məmnunluğunu ifadə edib. Rektor Paşayev, həmçinin ADA Universitetinin tarixi abidələrin bərpasına verdiyi önəmdən və bu işə akademik cəhətdən verdiyi dəstəkdən bəhs edib.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Abbasov və Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev xüsusi qonaq qismində iştirak ediblər.
Sonda qalib olan layihələrin adları jüri nümayəndələri tərəfindən açıqlanıb.
Birinci yerə çıxan komanda jest dilinin, ikinci yerə çıxan komanda yumşaq bacarıqların, üçüncü yerə çıxan komanda isə region məktəblərində süni intellektin öyrədilməsi ilə bağlı layihələrlə müsabiqədə iştirak ediblər.
Birinci yerə layiq görülən layihəyə 2500 manat, ikinci yerə 1500 manat, 3-cü yerə çıxan layihəyə isə 1000 manat pul mükafatı təqdim edilib.