Heydər Əliyev tarixi yaradan liderlərdən biri olub – Aysel Tahirova

May9,2021 #Heydər Əliyev

Müasir Azərbaycan dövlətinin qurucusu və banisi, əbədi olaraq ümumxalq sevgisini qazanmış  ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilir.

Elə liderlər var ki, tarix onları unutmur, amma tarixin özünü yaradan liderlər də var.
Heydər Əliyev məhz tarixi yaradan liderlərdən biri olub.

Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır.

Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini tapmasında və dövlətçiliyin, milli birliyin formalaşmasında mühüm rol oynayıb.

Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu dövlət strategiyası Azərbaycana yüksək inkişaf və sabitlik gətirib.

Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını və yeni mərhələdə tarixin siyasi səhnəsində özünəməxsus yer tutmasını təmin etdi.

Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi.

Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur.
Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib.

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.

Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi məktəbinin ən əsas sütunudur və ən böyük təsirə malik olan siyasi qüvvədir.

2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi və bu yola sadiqliyini hər bir fəaliyyəti ilə təsdiq etdi.

Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanır, yeni zirvələr fəth edir.
Buna ən böyük nümunə 44 günlük Qarabağ müharibəsidir. Ali Baş Komandanımız və  rəşadətli ordumuz sayəsində işğal altında olan torpağlarımız geri qayıtdı.

Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir.

Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq.

Aysel Tahirova

YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü 

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər