İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

Mar13,2024

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) radiospektr idarəçiliyini həyata keçirən səlahiyyətli orqan olaraq radioelektron vasitələrin və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların idxal-ixracı üçün mövcud prosedurlarını sadələşdirib.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə  İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Belə ki, eyni zamanda mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların xüsusi icazələrinin, uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin və qurğularının ümumistifadəli telekommunikasiya şəbəkələrində istismarına yol verilməməsinə nəzarət mexanizminin, istismara verilən avadanlıqların qeydiyyatının vahid iş axınında əks etdirilməsi proseslərin optimallaşdırılması və şəffaflaşdırılması prosesləri də sadələşdirilib.

Bildirilib ki, qeyd edilən proseslər əsasında “Radioelektron vasitələrə verilən icazələr” adlı elektron xidmət yaradılıb.

Operator və provayderlər, o cümlədən sahibkarlar idxal etmək istədikləri radioelektron vasitələri ilə bağlı sənədləşmə işlərini “bir pəncərə” prinsipi ilə “Radioelektron vasitələrə verilən icazələr” sistemi üzərindən həll etmək imkanı qazanacaqlar. Bu, həm əlavə vaxt itkisinin qarşısının alınmasına, həm də radiotezliklərdən səmərəli istifadənin təşkilinə xidmət edir.

Belə ki, qeyd edilən avadanlıqların ölkəyə gətirilməsini həyata keçirmək istəyən şəxs portala daxil olmaqla ilk olaraq nümunə üçün gətirdiyi məhsulların parametrlərini, qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatları və Akkreditasiyadan keçmiş Sınaq Laboratoriyası (ASL) tərəfindən verilmiş sertifikatları daxil edir. Tətbiq edilən iş axını və informasiya sistemi nəticəsində əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi üçün tələb olunan müddət minimuma endiriləcək.

Növbəti mərhələlərdə radiotezliklərin ayrılması üçün elektron müraciətlərin qəbulu da bu sistem vasitəsilə mümkün olacaq. Nəticədə radiotezliklərin, radiovasitələrin səmərəli istifadəsinin təmin olunması üçün istismarın təşkili ilə əlaqədar bütün məlumatların vahid informasiya sistemində toplanılması ilə tamamlanacaq.

Oxşar Xəbərlər