Martın 9-da Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən dördüncüsü keçirilib.
Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, “Rebekka Lamont adına şərabçılıq məktəbi”nin (Rebecca Lamont Wine School) dəstəyi ilə təşkil olunan vebinar “İpək Yolunun Sirləri: Azərbaycanda şərabçılıq sənayesinin gələcəyi” mövzusuna həsr olunub.
Tədbirdə enoloq Andrea Uliva və dizayner-sahibkar Culio Vinaççia spiker qismində iştirak edib.
Vebinarda Azərbaycanda istehsal olunan 3 şərab növü – yalnız Azərbaycanda yetişdirilən “Bayan şirə” üzümündən hazırlanan ağ turş, “Mədrəsə”, eləcə də “Saperavi-Kaberne Sovinyon” üzümündən hazırlanan qırmızı turş şərablar barədə müzakirələr aparılıb. Azərbaycanın unikal təbii-coğrafi mövqeyindən danışan Andrea Uliva adı çəkilən şərab növlərinin fermentasiya üsulları, rəngi, dadı və qoxusu barədə məlumat verib. O, ölkəmizin eyni zamanda zəngin mətbəxə malik olduğunu vurğulayaraq, müxtəlif şərab növlərinə uyğun ən yaxşı yemək nümunələrinin adını çəkib.
Dünyanın müxtəlif yerlərinə səyahət etmiş Culio Vinaççia Azərbaycanda bir çox fərqli mədəniyyətin birləşdiyini və bunun da şərabçılıq mədəniyyəti üçün bənzərsiz imkanlar yaratdığını vurğulayıb. O, eyni zamanda qədim İpək Yolu üzərində yerləşən Şəkidə yaradılan sənətkarlıq nümunələrindən təsirləndiyini bildirib.
Spikerlər Azərbaycanda istehsal olunan şərabların ixrac olunduğu ölkələr, beynəlxalq təcrübədə mövcud olan üzüm növlərinin təyinatına nəzarət sistemi ilə bağlı Azərbaycanda cari vəziyyət, ölkəmizdə şərabçılıq sənayesinin mövqeyi və s. barədə verilən sualları cavablandırıblar.
Qeyd edək ki, ilk dəfə olaraq vebinarda iştirak edən qonaqlar üçün əvvəlcədən göndərilmiş Azərbaycan şərablarının onlayn dequstasiyası həyata keçirilib. İştirakçılar yuxarıda sadalanan hər 3 şərabdan dadaraq üstünlük verdikləri növ barədə fikir bildiriblər.
Məlumat üçün bildirək ki, indiyədək təşkil olunan “Salon” silsilə tədbirlərindən ilk üç tədbir “Sülh, Saziş və Transqafqaz regionu: Azərbaycana İqtisadi Baxış” mövzusu ilə Azərbaycanın biznes mühiti və iqtisadi əlaqələrinə, “İpək Yolunda Mədəniyyət, Həyat Tərzi və Biznes: Qafqaz Regionunda Optimizm Rəmzi olan Müasir Memarlığa Diqqət” mövzusu ilə Azərbaycanda memarlıq sənətinin inkişafı və ənənələrinə, “Əsrlər boyunca Cazibə: Azərbaycan Xalçalarının Tarixi” mövzusu ilə Azərbaycanın xalçaçılıq ənənələrinə həsr olunub.