Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında kişi və qadınların futbol matçlarını idarə edəcək hakimlər açıqlanıb.
“QİA.az”ın “Sport-express”ə istinadən məlumatına görə, Avropadan qadın FIFA referiləri fransalı Stefani Frappar və ukraynalı Yekaterina Monzul dəvət alıb.
Bu isə o deməkdir ki, hər iki baş hakim AVRO-2020-nin final mərhələsində olmayacaq. Frappar və Monzuldan əlavə, rusiyalı Anastasiya Pustovoitova da olimpiadada ədaləti qoruyacaq.
Kişilərin turnirində Avropadan 4 hakim – portuqaliyalı Artur Diaş, israilli Orel Qrinfeld, serbiyalı Srcan Yovanoviç və bolqar Georgi Kabakov qarşılaşmaları idarə edəcək.
Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul – 8 avqusta təxirə salınıb.
AVRO-2020 isə iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.