Avropa çempionatını qəbul edəcək bütün 12 şəhər UEFA-nı stadionlara heç olmasa kiçik sayda azarkeş buraxacaqlarına dair məlumatlandırıb.
QİA.AZ-ın “Daily Mail”ə istinadən məlumatına görə, bəzi şəhərlər yerli sanitar məhdudiyyətləri üzündən hələlik stadion tutumunun yalnız 10 faizini tamaşaçılara ayıracaqlarına təminat veriblər. Lakin bu rəqəm UEFA-nı qane etmir. Fanatların oyunlara buraxılma məsələsinin UEFA-nın 20 aprel Konqresində həllini tapacağı güman edilir.
Təşkilatçılar bu məsələ ilə bağlı qitə futbol qurumuna aprelin 7-dək bilgi verməli idilər. Əks halda, onlar yarışa ev sahibliyi hüququnu itirmə təhlükəsi ilə üzləşə bilərdilər. UEFA prezidenti Aleksander Çeferin çempionat oyunlarının boş tribunalar önündə keçirilməsinə imkan verməyəcəyini açıqlamışdı.
“Daily Mail”in yazdığına əsasən belə qənaətə gəlmək olar ki, hazırda Azərbaycanda kütləvi tədbirlərə tamaşaçıların buraxılmasına qoyulan qadağa Avropa çempionatınadək götürüləcək. Məhz bu səbəbdən, AVRO-2020-nin Bakıdakı oyunları məhdud sayda da olsa, azarkeşlə keçiriləcək.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.