Hava Nəqliyyatında Baş Gömrük idarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “QİA.AZ”a verilən məlumata görə, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.
Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda-şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilyant qaşlar aşkar olunub.
Aşkar olunan brilyant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edir.
Faktla bağlı araşdırma aparılır.