Kür çayındakı daşqınlar səbəbindən Tovuzda da əkin və otlaq sahələri, meyvə bağları su altında qalıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kür çayı daşaraq məcrasından 2 kilometr kənara çıxıb. Tovuzun Hunanlar kəndi ərazisində çayətrafı əkin sahələri, ərik bağları və biçənəklər sel sularının altında qalıb. Kənd sakinləri əsasən kök və çuğundur əkini ilə məşğul olur. Hektarlarla ərazi, tonlarla məhsul yararsız hala düşüb. Onun da 180 hektarı təkcə əkin sahələrinin payına düşür.
Kürətrafı meşəliklər də sel sularına qərq olub. Kürdə suyun səviyyəsi orta hesabla 2 metrə qədər yüksəlib.
Əhaliyə dəyən maddi ziyanla bağlı rayon icra hakimiyyətinin nəzdindəki Fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilib. Bildirilib ki, əhaliyə təbii fəlakətlə bağlı xəbərdarlıq edilib. Əkin sahələrinin sığortalı olması da dəyən ziyanın qarşılanması üçün vacib amillərdən biridir.