Lənkəran şəhəri Səttarxan küçəsi 8-də yerləşən fərdi yaşayış evində yanğın baş verib.
“QİA.AZ”ın Cənub Mərkəzinin verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub. Yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək təcili yardım xidmətinin həkim briqadasına təhvil verilib. Xəstəxanaya çatdırılan 2018-ci il təvəllüdlü Artyom Aleksandroviç Quds reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Lakin digər 2 uşağın – 1 yaşlı Emil Cəsarət oğlu Quds və 6 yaşlı Milada Aleksandroviç Qudsun xəstəxanaya gətiriləndə vəfat etdikləri məlum olub.
Yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.